Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, şəhid kapitan Meydanov Elməddin Bahəddin oğlu, leytenant Abbasov Murtuz Çingiz oğlu, gizir Səmədov Nicat Şahin oğlu, kiçik gizir Talıbov Təbriz Məhərrəmli oğlu, əsgər İsgəndərli Səbuhi Yaşar oğlu və Əliyev Rəvan Yusif oğlunun boya-başa çatdıqları doğma yurdlarında keçirilmiş anım mərasimlərində DSX-nin rəsmiləri, rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimlərdə şəhidlərin məzarları ziyarət edilib, üzərilərinə gül çələngləri düzülüb.
Tədbirlərin iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi və sərkərdə məharəti, xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılmış möhtəşəm Qələbədən danışıb, qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına layiqincə yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqlarını vurğulayıblar.
Vətən müharibəsində xalqımıza Qələbə sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı qeyd edilib.
Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən torpaqlarımızın azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.