Vətən müharibəsinin iştirakçısı: Biz xoşbəxtik ki, müstəqil, güclü Azərbaycanın vətəndaşlarıyıq
Bakı, 2 fevral, AZƏRTAC
2 fevral - Azərbaycan Gəncləri Günü bizim üçün gözəl bayramlardan biridir. Biz budəfəki bayramımızı ikiqat sevinc və böyük qürur hissi ilə qeyd edirik. Bu yaxınlarda şanlı Azərbaycan Ordusunun böyük rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ön cəbhədə, eləcə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərən gənclərimizin cəsarəti, milli ruhu, Vətənə sonsuz məhəbbəti dillərdə dastan oldu. Gənclərimiz - Azərbaycan əsgərləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə parlaq tarix yazdılar, əsl qəhrəmanlıq, fədakarlıq nümayiş etdirdilər. Qarabağı mənfur düşmənin tapdağı altından azad edərək böyük Qələbəyə imza atan gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Bu gənclərdən biri kimi bu gün həddindən artıq qürurluyam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Xaçmaz nümayəndəliyinin direktoru, Vətən müharibəsində atıcı manqa komandiri kimi iştirak edən Rəsul Həşimov deyib.
Gənclərimizin artıq həyatın bütün sahələrində mühüm mövqelər tutaraq bilik və bacarıqları ilə fərqləndiklərini qeyd edən R.Həşimov onların ölkəmizin ümumi inkişafına böyük töhfə verdiklərini vurğulayıb: “Dövlət tərəfindən gənclər üçün yaradılan geniş imkanlar bu sahədə böyük irəliləyişə səbəb olub. Bu gün gənclərimiz bir daha müstəqil Azərbaycanın şanlı tarixinə nəzər salır, ulu öndər Heydər Əliyev məktəbinin layiqli şagirdi olmaq üçün yorulmadan çalışırlar. Ümummilli Liderin uzaqgörənliyi, doğma xalqına sonsuz sevgisi, milli ideallar uğrunda böyük mübarizəsi biz gənclərə nümunə olmaqla bərabər, həm də dövlətimiz qarşısında sadiq fəaliyyətimizdə əbədi məşələ çevrilib. Bu gün hər birimiz Ümummilli Liderimizin şah əsəri, onun öz xalqı qarşısında misilsiz tarixi xidmətinin təsdiqi olan müstəqil Azərbaycanı göz bəbəyi kimi qorumalıyıq. Biz ona görə xoşbəxtik ki, müstəqil, güclü və uğurlu sabaha inamla irəliləyən qüdrətli Azərbaycanın vətəndaşlarıyıq”.