Vətən naminə fövqəladə missiya
Bakı, 12 iyun, AZƏRTAC
Günümüzdən ölkədə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan ulu öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. Xalqın xilaskarı olan Ulu Öndərin bu missiyanı yerinə yetirməyə dönüşü günü - 1993-cü il iyunun 15-i yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığını təhlükə altına atmışdı. Belə bir çətin dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarı oldu. Ulu Öndər iyunun 15-də Milli Məclisin sədri seçilərək ölkəmizi və xalqımızı bütün bu bəlalardan xilas etdi. 1993-cü ilin iyunundan sonra Azərbaycanda ciddi dəyişikliklər baş verdi. İstər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva söyləyib.
G.Baxşəliyeva bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı, ilk növbədə lider qazandı - uzun illər respublikamızı idarə etmiş, əməyi sayəsində özünü təsdiqləmiş, daim xalqın uğuruna çalışmış, xalqımızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyini, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan bir lideri. Ulu öndər Heydər Əliyevin bu amallar uğrunda hələ sovetlər dönəmində respublikamıza rəhbərlik etdiyi vaxtlarda da böyük xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, C.Naxçıvanski adına Hərbi Liseyin yaradılması, ölkədə müstəqil sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı, istehsal müəssisələrinin artırılması gələcək müstəqilliyin təməlini qoyurdu. Ulu Öndər özü də deyirdi ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü olan dövlət müstəqil sayılır. Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğrayıb, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulub. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də ciddi təsiri olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə - bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da. XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi Ümummilli Lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət - Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin Sədri, daha sonra ölkə Prezidenti seçilən Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində dahi rəhbər Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. Ulu öndər Heydər Əliyevin Ali Sovetin Sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən bu illərdən həmin proqram xarakterli çıxışa nəzər saldıqda görürük ki, Ulu Öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu Öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən edilən digər iki istiqamət - demokratik islahatların həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində də ardıcıl işlər görülüb.
“Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Yeni əsrin zirvəsindən yaxın keçmişə - 1993-cü ildə baş vermiş proseslərə və həmin proseslərin mərkəzində dayanan ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə nəzər saldıqda o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. Həmin dövrdə Azərbaycan bütün sahələrdə dərin böhran yaşayırdı. Həm iqtisadi, həm siyasi, həm ideoloji cəhətdən ölkəmizin düşdüyü vəziyyət çox acınacaqlı idi və hətta deyərdim ki, müstəqilliyimizin, dövlətçiliyimizin itirilməsi həddində idi. İlk günlərdən ulu öndər Heydər Əliyev dövlətin bütün sahələrdə siyasətinin prinsiplərini, xarakterini müəyyənləşdirdi və bu xətlə aparılan siyasət də Azərbaycanı böhrandan çıxardı. Azərbaycanın dünya dövlətləri arasında layiqli, möhkəm yerini tutmasında Ulu Öndərin müdrik xarici siyasəti mühüm rol oynadı. Mən bir şərqşünas kimi, ilk növbədə, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xarici siyasətindən danışmaq istərdim. Ulu Öndər öz xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Ümummilli Liderin xarici siyasətində Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranışı həmişə duyulurdu. Ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır”, - deyə G.Baxşəliyeva qeyd edib.
Akademik bildirib ki, Azərbaycan elminin də müstəqillik illərində inkişaf etdirilməsində, dünyaya inteqrasiyasında ulu öndər Heydər Əliyevin elmə münasibəti, qayğısı və bu istiqamətdə atdığı addımlar mühüm rol oynadı. Hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyası üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra Elmlər Akademiyası sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı və necə deyərlər, ölkənin digər sahələrində olduğu kimi, Elmlər Akademiyasında da sabitlik yarandı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi Fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Ulu Öndərin yolu ilə bütün sahələrdə intensiv inkişafı təmin edən ciddi uğurlara imza atır. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunun layiqli və prinsipial davamçısı olması Azərbaycanın öz hədəflərinə çatması yolundakı bütün maneələri aradan qaldırır. Azərbaycan regionda lider və İslam ölkələri içərisində ən etibarlı, sürətlə inkişaf edən bir ölkəyə çevrilib.