“Vətəni tanı” intellektual oyununun qalibləri müəyyənləşib
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə şəhər məktəbliləri arasında keçirilən “Vətəni tanı” intellektual oyununun qaliblər müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən oyunda şəhər ümumtəhsil məktəblərindən 17 şagird iştirak edib.
İntellektual oyunda müxtəlif rənglərdə göstərilmiş şəhər və rayonların inzibati ərazilərini xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Xəritə keçməcəli (pazl) şəklində olub və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilib. Şagirdlər xəritədə kiçik hissəcikləri yerləşdirməklə vahid Azərbaycan xəritəsini tamamlayıblar.
İntellektual oyunun yekununa əsasən Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Fəxrin Hacıyev xəritəni daha tez tamamlayaraq I yerə, 16 nömrəli tam orta məktəbin şagirdi Fərəc Qurbanov II yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Aydan Hümbətova isə III yerə layiq görülüblər.
Sonda qaliblərə və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.