İDMAN
VI İNEPO-AVRASİYA olimpiadasında Azərbaycanda keçiriləcək dünya çempionatının təqdimatı olmuşdur
Bakı, 9 aprel (AZƏRTAC). Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən beynəlxalq miqyasda ətraf mühitin qorunmasına həsr olunmuş VI İNEPO-AVRASİYA olimpiadası çərçivəsində “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan- 2012” təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, 42 ölkədən nümayəndələrin iştirak etdikləri və eyni zamanda dünya çempionatının milli sponsoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş sponsorluğu ilə keçirilən olimpiadada mundialın talismanı azarkeşlərə təqdim olunmuşdur.
Çempionatın sloqanı olan “On bir ürək, bir istək” Azərbaycan və ingilis dillərində Vyetnam, İngiltərə, Bosniya və Herseqovina, və Anqola təmsilçiləri tərəfindən səsləndirilmiş, talismanla şəkillər çəkdirilmişdir.
Tədbirdə iştirak edən ölkələrin nümayəndələri dünya çempionatının final mərhələsində iştirak edəcək futbol üzrə Azərbaycan yığmasına uğurlar arzulamışlar.
Dünya çempionatının stendi qarşısına toplaşan məktəblilərə, tələbələrə, valideynlərə çempionat barədə və könüllülük imkanları haqqında məlumat verilmişdir.
Sonda olimpiada iştirakçıları arasında çempionatla bağlı interaktiv sual-cavab keçirilmiş, qaliblərə hədiyyələr təqdim edilmişdir.