ELM VƏ TƏHSİL
“Vikipediya”da Vətən müharibəsi iştirakçıları haqqında onlarla məqalə yaradılıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Vikipediya”nın Azərbaycan dili bölməsində İkinci Qarabağ müharibəsinin şəhidləri və qaziləri haqqında məqalələrin yaradılması prosesi sürətlə davam etdirilir. Belə ki, ötən iki ay ərzində onlarla məqalə yaradılıb və “Vikipediya”da yerləşdirilib. Məqalələrdə Vətən müharibəsi iştirakçılarının döyüş yolu haqqında ətraflı məlumat verilir.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Vətən müharibəsi qəhrəmanlarının həyat və döyüş yolları haqqında “Qorqud” Vikipediya Metodik Klubunun könüllüləri, “Azərbaycan vikimediaçıları” istifadəçi qrupunun üzvləri və ümumən “Azviki” redaktorları tərəfindən məqalələr yaradılır və əsaslı redaktə olunaraq “viki”ləşdirilir. Məqsəd Vətən qarşısında xidmətləri olan insanlarımızın fəaliyyətini cəmiyyətə təqdim etməkdir. Çünki gənclərimiz, gələcək nəsillər qəhrəmanlarımızı yaxından tanımalıdırlar. Onlar canlarından keçərək Vətənimizin bütövlüyünü bərpa etdilər.
“Gələcəkdə bu sahədə fəaliyyətimizi sistemli şəkildə davam etdirəcəyik. Belə ki, Vətən müharibəsi iştirakçıları, qazi və şəhidlərimiz haqqında məqalələr xarici dillərə tərcümə olunaraq “Vikipediya”nın digər bölmələrində də yerləşdiriləcək”,- deyə Elnur Eltürk qeyd edib.