SİYASƏT
Vilnüsdə Şərq Tərəfdaşlığının III Sammiti başlanmışdır
Vilnüs, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-29-da Vilnüsdə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının görüşü keçirilir.
Vilnüs görüşünə Aİ üzvü olan 29 ölkənin rəhbərləri, habelə Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın hökumət başçıları və nazirlər gəlmişlər.
İkigünlük görüşdə 34 ölkənin hökumət başçıları və nazirlər Şərq tərəfdaşlığı proqramının inkişaf etdirilməsi problemlərini müzakirə edəcək, onun gələcəyini planlaşdıracaqlar.
Cümə axşamı, noyabrın 28-də Prezident Dalya Qribauskayte, Aİ Rəhbərləri Şurasının sədri German Van Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun iştirakı ilə əlaqələndirmə müşavirəsi keçiriləcəkdir. Müşavirədə Ukraynada vəziyyət müzakirə ediləcək, Şərq Tərəfdaşlığının perspektivləri barədə ümumi mövqe razılaşdırılacaqdır.
Bundan əlavə, Aİ-nin bütün rəhbərlərinin əlaqələndirmə görüşünün keçirilməsi və həmin görüşdə Şərq Tərəfdaşlığı proqramının sonrakı gedişinə dair qəti qərarlar qəbul edilməsi təklif olunur.
Rəhbərlərin Vilnüs görüşünün son məqamları işgüzar nahar zamanı müəyyən olunacaqdır. Burada Aİ-nin 28 rəhbəri və nazirlər, Aİ ölkələrinin Rəhbərləri Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentlərinin sədrləri, habelə Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan 6 ölkənin rəhbərləri və nazirləri iştirak edəcəklər.
Cümə axşamı başlanacaq Vətəndaş Cəmiyyəti Konfransında Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyəti liderləri, ekspertlər və şərqçilər Avropa ölkələrində vətəndaş cəmiyyətinin üzləşdiyi çağırışları müzakirə edəcəklər.
Cümə, noyabrın 29-da Şərq Tərəfdaşlığı ölkələri ilə sazişlər imzalanacaq, plenar sessiyada 34 ölkənin liderləri və nazirləri Şərq Tərəfdaşlığı proqramının icrasında tərəqqi, onun perspektivləri və məqsədləri mövzusunda müzakirələr aparılacaqdır. Plenar sessiyadan sonra mətbuat konfransı keçirilməsi planlaşdırılır.
Vilnüs sammitində Aİ üzvü olan bütün ən iri dövlətlərin rəhbərlərinin, o cümlədən Almaniya kansleri Angela Merkelin və Fransa Prezidenti Fransua Ollandın iştirak etməsi gözlənilir.
Nigar Cəfərli
AzrTAc-ın xüsusi müxbiri
Vilnüs