“Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflər silinəcək
Bakı, 29 dekabr, AZƏRTAC
Hazırda “Virtual məktəb” platformasında dərslər 2019-2020-ci tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2021-ci il yanvarın 1-2-də “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur.
Bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlər köhnə siniflər üzrə işləri yekunlaşdırmalıdırlar.
Qeyd edək ki, platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olaraq profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər.
Bu il aprelin 2-dən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.