“Viveka Mentorship Program”ın sessiyalarında iştirakçılar mentorluq bacarıqlarına yiyələniblər
Bakı, 31 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü və “PASHA Holding”in sponsorluğu ilə həyata keçirilən və korporasiyalar üçün nəzərdə tutulmuş “Viveka Mentorship Program”ın ikinci kohortun oflayn sessiyaları uğurla yekunlaşıb.
Bu barədə AZƏRTAC-a İRİA-dan bildirilib. Qeyd olunub ki, iştirakçılar innovativ sahibkarlıq ekosisteminin inkişaf modelinin hazırlanması, sahibkarlıq qabiliyyətlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi, mentorluq, layihə idarəetməsi kimi bilik və bacarıqlara yiyələniblər.
İkinci kohortun təlimlərində bütün seçim mərhələlərini uğurla tamamlamış “Bakcell”, “KPMG”, “PASHA Technology”, “PASHA Insurance”, “PashaPay”, “Kapital Bank”, “PASHA Life”, “TORART LLC”, Şamaxı Astrofizika Rəsədxanası, “Ferrum Capital”, “PASHA Holding”, “PASHA Management Company” kimi şirkət və qurumların təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, “Viveka Mentorship Program”ın ikinci dalğasının onlayn sessiyaları növbəti həftələrdə keçiriləcək.