x x x
- Çox hörmətli hökumət üzvləri!
Hörmətli millət vəkilləri!
Xanımlar və cənablar, əziz dostlar!
Düz 13 il bundan əvvəl Azərbaycan xalqı taleyinin növbəti gərgin sınağından alnıaçıq, üzüağ çıxdı. Xalq müstəqil Azərbaycan dövlətini qurmağın və inkişaf etdirməyin, ölkə daxilində ictimai-siyasi sabitliyə və milli həmrəyliyə nail olmağın, demokratik, hüquqi vətəndaş cəmiyyəti qurmağın, həyatın bütün sahələrində baş alıb gedən tənəzzülə son qoyaraq yüksəlişə nail olmağın, milli-mənəvi dəyərləri qorumağın, inkişaf etdirməyin, bir sözlə, Azərbaycanı dünya miqyasında tanıtmağın alternativsiz yeganə yolu olan Heydər Əliyev yolunu seçdi.
Xalq öz seçiminə güvəndi və yanılmadı. 1993-2003-cü illər ərzində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda həm daxili, həm xarici siyasətdə, iqtisadiyyatın inkişafında, kənd təsərrüfatında, mədəniyyət sahəsində, bir sözlə, ölkə həyatının bütün sahələrində çox böyük uğurlar qazanıldı. Məhz bu uğurlar Azərbaycanın real müstəqillik tarixinin növbəti yeni mərhələsində, yeni tələblərdən irəli gələn vəzifələri həyata keçirmək üçün Azərbaycanı ciddi şəkildə hazırladı.
Azərbaycan, 1993-cü ilin oktyabrında olduğu kimi, 2003-cü ilin oktyabrında da növbəti sınağa çəkildi. Həmişəki kimi, bu dəfə də xalq yeganə düzgün, alternativsiz yolu seçdi. Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisinə dair arzularını və ideyalarını həyata keçirmək imkanına malik olan bir şəxsə, Heydər Əliyevin ən layiqli davamçısı olan İlham Əliyevə səs verdi. Məhz İlham Əliyevin seçimi Azərbaycan xalqına növbəti dəfə qəddini düzəltmək, sabaha ümidlə, inamla baxmaq, Heydər Əliyevin hər birimiz və hamımız üçün cızdığı proqramlar üzrə ölkəni inkişaf etdirmək imkanı verdi. Eyni zamanda, bu seçimlə Azərbaycan xalqı növbəti təhdid və təhlükələrin baş verdiyi bir vaxtda daxili inamını, potensialını səfərbər etdi.
Bu seçim Azərbaycanı sevənlərin, onu bir məmləkət kimi inkişaf etdirmək istəyənlərin, bu məqsədə çatmaq üçün isə bütün qabiliyyət və potensialını sərf etməyə hazır olanların, yeri gələrsə, Azərbaycanın rifahı üçün canını fəda etmək istəyənlərin, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçimi idi. Eyni zamanda, bu, Azərbaycanı öz qanından, canından artıq istəyən, nəbzi və qəlbi daim doğma Azərbaycan xalqı ilə döyünən ümummilli liderimizin, adını çəkərkən fəxarət və qürur duyduğumuz, bu gün isə xatirəsini çox böyük ehtiramla yad etdiyimiz Heydər Əliyevin seçimi idi.
Bu seçim günündən bizi üçillik zaman məsafəsi ayırır. Üç il tarix üçün bir göz qırpımı olsa da, bu müddətdə görülən işlərin miqyası, mahiyyəti və məzmununa görə çox böyük tutuma malikdir. Azərbaycanın real müstəqillik tarixinin məhz bu son üç ili ərzində Azərbaycanın qarşısında duran yeni strateji məqsədlər, bunlara doğru getməyin yolları, ölkənin inkişafı üçün irimiqyaslı proqramlar və onların uğurla həyata keçirilməsi yolları müəyyənləşdirildi. Bütün bunalara məhz İlham Əliyev rəhbərlik etdi.
O vaxta qədər məşğul olduğu bütün sahələrdə uğurlar əldə etmiş, Azərbaycan xalqının etimadını və məhəbbətini qazanmış, indi isə Prezidentlik mandatı almış İlham Əliyev bu vəzifələrin öhdəsindən yeni dövrün tələblərinə uyğun olaraq, çox məharətlə gəlməyə başladı. Azərbaycan xalqı İlham Əliyevin şəxsində onu çox böyük məhəbbətlə sevən, bütün imkan, qabiliyyət və bacarığını yalnız mənsub olduğu millətin, təmsil etdiyi dövlətin inkişafına yönəldən bir şəxsiyyəti, bir Prezidenti əldə etdi. Eyni zamanda, Azərbaycan daim onun ağrıları, problemləri ilə yaşayan, bu problemlərin aradan qaldırılmasını başlıca məqsəd kimi qarşısına qoyan, bu məqsədin reallaşdırılması üçün heç nədən çəkinməyən, cəsarətli mövqe nümayiş etdirən, qətiyyətli bir Prezident əldə etdi. Azərbaycan ölkə həyatının bütün sahələrində inkişaf üçün hamıdan və hər kəsdən düzgün qərarlar qəbul etməyi bacaran, Azərbaycanın bütün daxili potensialını səfərbər edərək bir araya gətirən və bu inkişafa yönəltməyi bacaran bir təşkilatçı Prezident əldə etdi.
Dünya isə İlham Əliyevin şəxsində təkcə öz xalqını və dövlətini təmsil edən kiçik bir ölkənin Prezidentini yox, dünyanı narahat, təhdid edən problemlərə, təhlükələrə həssaslıqla yanaşan və özünəməxsus fəaliyyət göstərən, konkret təkliflər irəli sürən, dünyanın qlobal problemlərinin aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatların roluna dair heç kəsin bu günə qədər dilə gətirmədiyi fikirləri qətiyyətlə ortaya qoyan bir siyasi lider əldə etdi.
Eyni zamanda, dünya Azərbaycanın malik olduğu resursları, o cümlədən enerji ehtiyatlarını təkcə öz xalqının, dövlətinin, millətinin deyil, dünyanın ehtiyacları üçün istifadə etməyi bacaran və həm ölkənin, həm də dünyanın imkanlarını bu istiqamətə yönəltməyi bacaran təşkilatçı bir siyasi lider əldə etdi. Bu tədbirlərin nəticəsində Azərbaycan Heydər Əliyevin dövründə qazandığı strateji tərəfdaşlıq mövqeyini daha da möhkəmləndirdi, yaxın-uzaq ölkələrlə tarazlaşdırılmış siyasəti daha çevik, daha dinamik şəkildə həyata keçirməyə başladı. Azərbaycan dünya ölkələri sırasında öz sözü, öz mövqeyi olan, öz taleyinə sahib olan bir ölkə kimi tanınmağa başladı.
Eyni zamanda, Azərbaycan İlham Əliyevin şəxsində öz milli və dövləti maraqlarından zərrə qədər geriyə çəkilməyən cəsarətli bir siyasi lider qazandı. Mən hesab edirəm ki, o, təkcə Azərbaycan üçün yox, bütün dünya üçün, müasir dünya siyasəti üçün örnək ola biləcək bir siyasətçidir və biz bununla fəxr etməli, qürur duymalı və öyünməliyik.
Mənim fikrimcə, İlham Əliyevin son üçillik fəaliyyəti Azərbaycanın müstəqillik illərinin ən dinamik inkişaf dövrüdür. Bu dövrdə əldə olunan nailiyyətlər, sözsüz ki, Azərbaycanın mövqeyini bütün istiqamətlərdə möhkəmləndirib və bununla yanaşı, ölkə qarşıda dayanan problemləri həll etməyə də hazırdır. Bu gün Azərbaycan Prezidenti ölkənin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qətiyyətli mövqeyi ilə problemin ermənilərin maraqlarına uyğun şəkildə həllinə çalışan dairələri onunla hesablaşmağa vadar etmişdir. Beynəlxalq aləmdə bu problemin həlli ilə bağlı Azərbaycan həqiqətləri daha artıq eşidilməyə başladı. Azərbaycanın mövqeyini daha artıq qəbul etməyə başladılar. Bu gün artıq Ermənistan tutduğu qeyri-konstruktiv mövqeyi, həm iqtisadi cəhətdən, həm siyasi, həm də mənəvi cəhətdən vəziyyətinin çıxılmazlığı nəticəsində nə onun Prezidenti Azərbaycan Prezidentinə, nə də Ermənistan Respublikası Azərbaycan Respublikasına qarşı alternativ güc ortaya qoya bilməz.
Azərbaycan iqtisadiyyatının inkişaf sürəti ilə bağlı rəqəmlər mətbuat səhifələrində, televiziyalarda daim işıqlandırılır, hər birimiz bunu bilirik və burada əyləşən insanların da hamısı İlham Əliyevin komandasının üzvü kimi bu nailiyyətlərin əldə olunmasında yaxından iştirak etmişlər. Hesab edirəm ki, Azərbaycanın bu sahədə məqsədlərinə çatması üçün resursları kifayət qədərdir. Bu resurslardan tam və səmərəli istifadə etməklə biz məqsədlərimizə nail olacağıq.
Mən yeni dövrün yeni liderlik keyfiyyətlərinə malik bir Prezident kimi İlham Əliyevin bəzi xüsusiyyətlərini demək istərdim. İlham Əliyev öz tabeliyində olan insanlara və ümumiyyətlə, vəzifəsindən asılı olmayaraq, hər bir kəsə çox böyük tələbkarlıqla, eyni zamanda, çox böyük qayğı ilə yanaşır. Bu gün biz onun simasında hər bir şəxsə, bütövlükdə insanlara saf, açıq, səmimi münasibət göstərən bir insanı görürük. O, hakimiyyətin bütün qollarında öz səlahiyyətlərinin, öz vəzifələrinin sərbəst şəkildə həyata keçirilməsini təmin etmək üçün bir Prezident kimi əlindən gələni edir. Eyni zamanda, hakimiyyət qollarının müstəqilliyini təmin etməklə yanaşı, onları Azərbaycanın inkişafı, dövlətçiliyi naminə və azərbaycançılıq prinsipləri əsasında vahid xətt üzərində birləşdirməyi bacarır. Bu mənada Azərbaycandakı vahid hakimiyyət, vahid idarəetmə digər qonşu ölkələri də bundan vəcdə gəlməyə, necə deyərlər, öz ölkələrinə də bunu arzulamağa vadar edir. İlham Əliyevin gələcək fəaliyyəti Azərbaycanı qarşıdakı məqsədlərə çatdıracaq, mən buna çox inanıram. İnanıram ki, Heydər Əliyevin bizə miras qoyub getdiyi ideyaları, arzuları sona qədər yerinə yetirməkdə hər birimiz Prezidentə yoldaş olacağıq, onu dəstəkləyəcəyik, arxa olacağıq və bütün problemlərin aradan qaldırılmasında hər zaman onunla birlikdə olacağıq.
Bu gün biz İlham Əliyevin üçillik fəaliyyətini, bu dövrdə əldə olunan uğurları, bunları şərtləndirən amilləri, səbəbləri əks etdirən “İlham Əliyev: İqtibaslar və təhlil” kitabının təqdimat mərasiminə toplaşmışıq. Bu kitabda toplanmış məqalələr haqqında söhbət gedən məsələlərə dair İlham Əliyevin çıxışları və nitqlərindən gətirilən iqtibaslarla daha da möhkəmləndirilibdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, kitabın ön sözünün müəllifi Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevdir. Həm ön sözdə, həm məqalələrdə, həm də İlham Əliyevin çıxışlarından gətirilən iqtibaslarda yeni müstəqil Azərbaycan qurmaqdan yeni, zəngin, qüdrətli Azərbaycan qurmağa keçidi təmin edən məqamlar öz əksini tapmışdır. “Bizim ölkəmiz iqtisadi cəhətdən güclü, siyasi cəhətdən müstəqil olmalıdır”, - deyən cənab İlham Əliyev sosial ədalət prinsiplərinə əsaslanan bazar iqtisadiyyatına malik və hər bir vətəndaşın rifah içərisində yaşayacağı zəngin və qüdrətli Azərbaycan qurmaq ideyasını həyata keçirir. Bizim borcumuz bu ideyanın reallaşmasında ona yoldaş, silahdaş olmaqdır. Mən bu kitabda öz mövqelərini, daha doğrusu, rəy və mülahizələrini, Azərbaycanın son üçillik inkişaf tarixi haqqında fikirlərini qələmə alan insanların hər birinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab ötən üçillik dövrün faktlarla mənzərəsini, salnaməsini yaradır və hər bir şəxs bu kitabdan bəhrələnə bilər, Azərbaycan Prezidentinin son üçillik fəaliyyəti haqqında bitkin və dolğun informasiya ala bilər.
Əlbəttə, bu gün burada çıxış edənlər ayrı-ayrı məqamlarla bağlı öz fikirlərini söyləyəcəklər. Mən isə hesab edirəm ki, bu nəşr Prezident İlham Əliyevin bundan sonrakı fəaliyyəti ilə bağlı daha geniş mövzuların işlənməsi üçün mənbə olacaqdır. Mən kitabı əliyevşünaslığa çox böyük töhfə kimi qiymətləndirirəm. Onun nəşri münasibətilə hər birinizi, müəllifləri təbrik edirəm və təqdimat mərasimini açıq elan edirəm.