x x x
Maliyyə naziri SAMİR ŞƏRİFOV çıxışında dedi:
- Hörmətli mərasim iştirakçıları!
Xanımlar və cənablar!
Bu gün biz çox maraqlı və indiyədək oxucuların adət etdikləri standart tərtibdən kənara çıxan bir kitabın təqdimatına toplaşmışıq. Adından da göründüyü kimi, kitabda hər bir bölmə, mövzuya uyğun olaraq, möhtərəm Prezident İlham Əliyevin nitq və çıxışlarından iqtibaslar-sitatlarla başlayır və müəlliflər bunun ətrafında öz təhlil və şərhlərini verirlər. Bu materiallarda cənab İlham Əliyevin Prezidentliyinin ötən üç ilində Azərbaycanın daxili və xarici siyasətdəki uğurlarından, ölkə həyatının bütün sahələrində gedən inkişafdan bəhs olunur.
Kitabın elmi redaktoru, Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin yazdığı “Ön söz”də deyildiyi kimi, “dövlətin inkişafında o qədər də böyük hesab edilməyən zaman ərzində Prezident İlham Əliyevin başçılığı ilə əldə edilən uğurlar nəticəsində Azərbaycan dünyanın siyasi məkanında sanballı yer tutub. Kitabda Azərbaycanda üçillik zaman kəsiyində aparılan, analoqu olmayan quruculuq işlərinin konkret nəticələrinə və perspektivlərinə dair müxtəlif istiqamətləri əhatə edən təhlil və şərhlər əksini tapmışdır. Bu istiqamətlər bütövlükdə Azərbaycanda son illər baş verən dinamik dəyişikliklərin canlı mənzərəsini üzvi vəhdətdə tamamlayır”.
Hörmətli mərasim iştirakçıları!
Möhtərəm İlham Əliyevin seçkiqabağı irəli sürdüyü platforması, seçicilər qarşısında çıxışları, bu çıxışlardakı müddəalar yaxşı yadımızdadır. 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevin xalqın iradəsi və etimadı ilə Prezident seçilməsindən sonra dövlətçiliyimizin inkişafında yeni mərhələ - ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli strategiyanın növbəti konseptual mərhələsi, Azərbaycanın müasir tarixində İlham Əliyev mərhələsi başlandı.
Bu mərhələnin ən prioritet istiqamətlərindən biri ölkənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olmaqdır. Bu da təsadüfi deyil, çünki hər bir dövlətin, ölkənin yüksəlişinin təməlində iqtisadi inkişaf dayanır. İndi ölkəmizin vətəndaşları da, dünya da Azərbaycanda gedən sürətli iqtisadi inkişafın şahididir.
Möhtərəm Prezidentin dəfələrlə vurğuladığı kimi, Azərbaycan iqtisadi artım sürəti baxımından bu gün dünyada birinci ölkədir.
Bu sözlər reallığa əsaslanır. Belə ki, cənab Prezidentin həyata keçirdiyi iqtisadiyyatın inkişafının sürətləndirilməsi strategiyası ölkə iqtisadiyyatının yüksələn xətlə artımını təmin etmişdir. 2004-cü ildə ümumi daxili məhsulun həcmi 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, bu ilin 9 ayında isə 34 faiz artmışdır. Son üç ildə dövlət büdcəsinin xərcləri 3,3 dəfə artmış, ölkədə 500 mindən çox yeni iş yeri açılmışdır.
Möhtərəm Prezidentimiz hələ 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində özünün xalq qarşısındakı borcunu konkret şəkildə belə ifadə etmişdir: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, hər bir vətəndaş inkişafı, irəliləyişi görsün və onu hiss etsin”.
Ötən üç il bu vədin ardıcıl surətdə yerinə yetirildiyini sübut edir. Belə ki, bu müddətdə ölkədə yoxsulluğun səviyyəsi kəskin surətdə azalaraq, 49 faizdən 29 faizə enmiş, yaşa görə əmək pensiyalarının minimum məbləği 1,8 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, minimum aylıq əmək haqqı 3,3 dəfə, əhalinin pul gəlirləri 2 dəfə artmışdır. Bu ilin sonuna qədər minimum əmək haqqının həddi 30 manatdan 40 manata çatdırılacaqdır.
Qaçqın və məcburi köçkünlərin sosial-məişət və yaşayış şəraitinin yaxşılaşdırılması daim ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuş, imzaladığı fərman və sərəncamların icrası olaraq son 3 ildə 5160 məcburi köçkün ailəsi çadır düşərgələrindən tam sosial infrastruktura malik yeni salınmış qəsəbələrə köçürülmüş və fərdi evlərlə təmin edilmişdir.
İlham Əliyevin prezident seçildiyi dövrə qədər ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 865 manat idi və beynəlxalq standartlara uyğun olaraq, Azərbaycan yoxsul ölkələr sırasına daxil edilmişdi. Aparılmış uğurlu islahatlar nəticəsində son üç ildə bu göstərici 2,5 dəfə artaraq 2140 manata çatdırılmışdır. Məlumat üçün bildirim ki, Beynəlxalq Valyuta Fondunun metodikasına uyğun hesablanmış adambaşına düşən ÜDM-in həcminə görə, Azərbaycanın cari ildə 170 ölkəni əhatə edən siyahıda 110-cu yeri tutan ölkədən növbəti ildə 30 pillə irəliləyərək, bu siyahının 8-ci onluğunda yer tutacağı ehtimal olunur.
Bu ilin 9 ayında büdcənin gəlirləri 2 milyard 691 milyon manat və ya 100,7 faiz yerinə yetirilmiş, 2005-ci ilin eyni dövrü ilə müqayisədə 85,1 faiz artıq olmuşdur. Büdcənin xərcləri 2 milyard 421 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 934 milyon manat çoxdur. Xüsusi vurğulamaq istəyirəm ki, cari ilin 9 ayında xərclərin 37 faizi və ya 895 milyon manatı sosialyönümlü olmuşdur.
Ölkədə həyata keçirilən iqtisadi siyasət möhkəm təmələ əsaslanmaqla yanaşı, həm də yeniləşir. Cənab İlham Əliyev öz çıxışlarında bunu dəfələrlə bəyan etmiş, islahatların gedişi prosesində yaranmış yeni iqtisadi şəraitin reallıqlarının nəzərə alınacağını bildirmişdir. Bu isə iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinin yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi deməkdir.
Ötən üç il ərzində Prezidentin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli, kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətləri möhtərəm İlham Əliyevin 2003-2006-cı illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır. Bu sənədlərin tam əksəriyyəti dövlətimizin başçısının iqtisadi siyasətdə öncül yer verdiyi qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Prezidentimiz dəfələrlə bəyan etmişdir ki, gələcəkdə Azərbaycan iqtisadiyyatı neftdən asılı olmamalıdır. Bunun üçün isə qeyri-neft sektorunun, regionların inkişafı təmin edilməlidir. Çünki qeyri-neft sektorunun, regionların inkişafına nail olmadan Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək mümkün deyildir. Bütün bunlar isə, ilk növbədə, sahibkarlığın inkişafı ilə bağlıdır. Hazırda ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 75 faizdən çoxdur və bu dinamika davam edir. Təqdimatına toplaşdığımız kitabdakı materiallarda bütün bu məsələlər möhtərəm Prezidentimizin fikirlərinə istinad olunmaqla ətraflı şəkildə və konkret faktlar əsasında şərh və təhlil edilir.
Ötən üç ildə xalqımız bir daha əmin olmuşdur ki, İlham Əliyev tərəfindən respublikanın strateji inkişafının fundamental əhəmiyyət kəsb edən istiqamətləri üzrə müəyyən edilmiş bütün vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir.
Kitabda xatırladıldığı kimi, ulu öndərimiz Heydər Əliyev vaxtilə demişdir ki, “Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır”. Ümummilli liderimizin böyük uzaqgörənliklə söylədiyi nikbin fikirlər bu gün öz təsdiqini tapır. Cənab İlham Əliyevin hərtərəfli düşünülmüş və ardıcıl surətdə həyata keçirdiyi siyasət nəticəsində “güclü iqtisadiyyat – güclü dövlət” prinsipinin gerçəkləşməsi tədricən təmin olunur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda oktyabrın 26-da keçirilmiş iclasındakı nitqində qürur hissi ilə demişdir: “Bütün beynəlxalq ictimaiyyət də görür, qəbul edir və qeyd edir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir. Həm iqtisadi, həm də siyasi cəhətdən öz mövqelərini möhkəmləndirir, regionda liderlik mövqelərinə çıxıb, dünyadakı mövqelərini möhkəmləndirir, çox yüksək beynəlxalq imicə malik olan ölkədir, etibarlı tərəfdaşdır, əməkdaşlığa açıq olan ölkədir. Eyni zamanda, öz prinsipiallığını qoruyan və möhkəmləndirən, müstəqil siyasət aparan ölkədir. Öz siyasətini Azərbaycan xalqının maraqları əsasında quran bir ölkədir”.
Haqqında söhbət gedən kitabda bütün bu uğurlar və onları şərtləndirən amillər haqqında oxuculara geniş məlumat verilir.
Kitabda belə bir cəhət də xüsusi vurğulanır ki, Azərbaycan tarixinin İlham Əliyev mərhələsinin ötən üç ili ərzində daxili və xarici siyasətdə qazanılmış böyük uğurlar obyektiv amillərlə yanaşı, dövlətimizin başçısının şəxsi liderlik keyfiyyətləri ilə şərtlənir. Bu, inkaredilməz və hətta əsas amildir. “Ön söz”də deyildiyi kimi, möhtərəm Prezidentimiz milli ənənələrə, dövlətçilik prinsiplərinə sadiq olan, eyni zamanda, XXI yüzilliyin müasir siyasi məkanına uğurla köklənən, ən müxtəlif siyasi keyfiyyətləri və dəyərləri özündə sintez etməyi bacaran dövlət xadimidir. Ötən müddətdə o, nüfuzlu lider, görkəmli siyasətçi kimi özünü ölkədə və dünyada təsdiq etmişdir.
Çıxışımın sonunda bir daha böyük əminliklə qeyd etmək istəyirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın dinamik inkişaf yolundakı uğurları daha çox olacaq və bütün bunlar barədə gələcəkdə də, yeni-yeni kitablar yazılacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.