x x x
- Hörmətli mərasim iştirakçıları!
Qeyd olunduğu kimi, doğrudan da, 2003-cü ildən sonra Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında çox ciddi dəyişikliklər, çox əhəmiyyətli nəticələr əldə olunmuşdur. Bu nəticələr öz miqyası, əhatə dairəsi və çəkisi etibarilə o qədər geniş və əhəmiyyətlidir ki, biz bu gün bunu inqilabi dəyişiklik səviyyəsində qeyd etsək, yəqin ki, səhv etmiş olmarıq. Heç şübhəsiz ki, bu nailiyyətlərin əldə olunması çox gərgin əməyin, düşünülmüş iqtisadi siyasətin, strategiyanın və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün sinxron bir orqanizmdə birləşən və fəaliyyət göstərən komandanın fəaliyyətinin nəticəsi kimi izah edilə bilər.
Bütün bu məsələlər, yəni uğurlar və nəticələr təqdimatına yığışdığımız kitabda xronoloji şəkildə, çox sistemli yanaşma əsasında ətraflı surətdə əks olunmuşdur. Bu kitabın digər analoji əsərlərdən çox ciddi fərqi var. Əgər biz bu səpkidə yazılan kitabların çoxunda hadisələrin yalnız xronologiyası ilə qarşılaşırıqsa, burada onlar çox ciddi surətdə elmi təhlilə, konkret faktların araşdırılmasına əsaslanır, çox ciddi ümumiləşdirmələr aparılır. Ən başlıcası isə, inkişaf edən cəmiyyətin yaratdığı yeni şəraitin mövcud, eləcə də gələcəkdə qarşıya çıxacaq problemlərin qeyd edilməsi, onların həlli mexanizmlərinin göstərilməsi və bu istiqamətdə bizim hamımızın qarşısında konkret vəzifələrin qoyulması ilə fərqlənir. Mən hesab edirəm ki, bunlar hamımızın, eyni zamanda, təhsil və elm işçilərinin də konkret fəaliyyətində bir proqram vəzifəsi olmalıdır.
Hörmətli təqdimat iştirakçıları!
Kitabın funksional əhəmiyyəti ilə yanaşı, mən onun həm çox ciddi elmi-nəzəri, həm də siyasi əhəmiyyətini qeyd etmək istəyirəm. Azərbaycan cəmiyyəti növbəti prezident seçkiləri ərəfəsindədir və hesab edirəm ki, bu mənada kitabı seçki kampaniyasına verilən bir start kimi də qiymətləndirmək olar.
Kitabı fərqləndirən ən səciyyəvi cəhətlərdən biri onun sistemli şəkildə yazılmasıdır. O, əvvəldən axıra qədər ümumidən xüsusiyə doğru, konkret faktlar göstərilməklə yazılan bir elmi əsər kimi qiymətləndirilməlidir. Mən xüsusilə kitabın “Ön söz”ü haqqında bir neçə kəlmə demək istəyirəm. Əslində, kitabın bütün mahiyyəti, strukturu məhz bu “Ön söz” üzərində qurulmuşdur.
Çünki burada bir növ 2003-cü ildən başlayaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan genişmiqyaslı sosial-iqtisadi və siyasi proseslərin tam mənzərəsi öz əksini tapıb və çox lakonik şəkildə bütün bu məsələlər ətrafında konkret müəllif fikri bildirilibdir. Kitabdakı bölmələrdə, onları məqalələr də adlandırmaq olar, bu prinsip əsas götürülərək, cəmiyyətdə baş verən proseslərin ayrı-ayrı tərəfləri barədə artıq konkret, bir qədər də geniş şərhlər verilmişdir. Bu mənada, hesab edirəm ki, kitab nəinki siyasətçilər, iqtisadçılar, tədqiqatçılar üçün, eyni zamanda, bütünlükdə Azərbaycan cəmiyyəti üçün çox yararlı, çox dəyərli bir nəşrdir.
Hörmətli mərasim iştirakçıları!
Kitabda qeyd olunduğu kimi, doğrudan da 2003-cü ildən etibarən Azərbaycanın iqtisadiyyatında tamamilə yeni bir dövr, yeni bir mərhələ başlamışdır. Bu mərhələnin əsas mahiyyəti ölkədə aparılan sistemli islahatların dərinləşməsi, onun əhatə dairəsinin genişlənməsi, ümumiyyətlə, bütün cəmiyyət miqyasında islahatların uğurla həyata keçirilməsidir. Bunun nəticəsində Azərbaycan çox ciddi uğurlar əldə etmişdir. Artıq qeyd olunduğu kimi, bu uğurlar arasında Azərbaycanın iqtisadi qüdrətinin artması, onun dünya ölkələri arasında lider ölkəyə çevrilməsi, nəinki regionda, eləcə də dünya birliyi səviyyəsində söz sahibinə çevrilməsi olduqca əlamətdardır. Təsadüfi deyil ki, bayaq deyildiyi kimi, Azərbaycanın nəinki mövqeyi möhkəmlənib, eyni zamanda, nüfuz dairəsi də genişlənibdir. Azərbaycan Prezidenti bu gün dünya tərəfindən, dünya ekspertləri tərəfindən islahatçı Prezident imicini almışdır. Biz bununla fəxr etməliyik.
Möhtərəm Prezidentimizin sözləri ilə desək, bu gün Azərbaycan iqtisadiyyatının analoqu yoxdur. Bu nə deməkdir? O deməkdir ki, Azərbaycanın artıq özünəməxsus, bənzərsiz, yəni heç bir ölkənin praktikasında mövcud olmayan, tamamilə fərqli bir iqtisadi inkişaf sistemi yaranmışdır. Daha dəqiq desək, iqtisadi inkişaf modeli yaranmışdır. Əgər bu model, şübhəsiz ki, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan ümummilli lider Heydər Əiyevin adı ilə bağlıdırsa, iqtisadi inkişaf xəttinin yaradıcısı və banisi Heydər Əliyevdirsə, Azərbaycanın yeni mərhələdə, 2003-cü ildən sonra formalaşan iqtisadi inkişaf modelinin yaradıcısı və onu reallaşdıran cənab Prezident İlham Əliyevdir. Bu model onun adı ilə bağlıdır. Bu, həm nəzəri-metodoloji, həm də praktik, yəni reallaşdırma mexanizmlərinin yaradılması baxımından, doğrudan da, bir model kimi təklif edilən və artıq dünya iqtisadçıları, dünya ekspertləri tərəfindən tam təsdiq olunan bir modeldir. Onun əsas nəzəri qaynaqları liberal dəyərlərlə institusional nəzəriyyələrin sintezinə əsaslanan sistemli paradiqmadır.
Onun prinsipləri sistemlilik, komplekslilik və bununla yanaşı, konkret məqsədə hədəflənmək, proqram məqsədli yanaşmaq prinsipləridir. Bununla əlaqədar, kitabda da, xüsusilə “Ön söz”də qeyd olunduğu kimi, bu deyilən tezislər barəsində konkret ifadələrə əsaslanaraq mən demək istəyirəm ki, bu gün Azərbaycanın inkişafının, ələlxüsus onun iqtisadi inkişafının dörd əsas sütunu mövcuddur. Bunlar da cənab Prezident İlham Əliyevin özü tərəfindən yaradılmış və formalaşdırılmışdır. Daha doğrusu, inkişafın bu sütunlar üzərində qurulması ideyasının müəllifi və onu həyata keçirən, reallaşdıran cənab Prezident özüdür.
Bunlar hansılardır? Birinci növbədə cəmiyyət həyatının, istisnasız olaraq, bütün tərəflərinin modernləşdirilməsidir. Modernləşdirmə bir qədər geniş anlayışdır, geniş kateqoriyadır. Bu, makro səviyyədə idarəetmədən tutmuş, struktur dəyişikliklərini əhatə etməklə innovasiyaları, yeni texnologiyaların, ən müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqinə və adi menecmentə qədər çox əhatəli bir vəzifələr toplusunu özündə ehtiva edir.
İkinci, belə demək mümkündürsə, istiqamət şaxələndirmədir. Ölkənin həm daxili, həm də xarici siyasətində, xüsusilə iqtisadiyyatla bağlı olaraq, həm coğrafi, həm sahəvi prinsiplər əsasında, həm də adi mal, sahə, struktur səviyyəsində şaxələndirmədir.
Üçüncü istiqamət, şübhəsiz ki, ölkənin dünya iqtisadiyyatına ən səmərəli formada inteqrasiyasını təmin edə bilən və beynəlxalq əmək bölgüsündə ən layiqli mövqe tutmasına şərait yaradan və İlham Əliyev tərəfindən irəli sürülən, müəllifi İlham Əliyev olan çoxvektorlu inteqrasiya modelinin uğurla həyata keçirilməsidir. Məhz bunun nəticəsində indi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına uğurla inteqrasiya olunması, Azərbaycanın yerüstü, yeraltı sərvətlərinin dünya bazarına çıxarılması, başqa sözlə desək, resurslara, sözün əsil mənasında, iqtisadi güc parametri verilməsi məsələsi öz həllini tapmışdır.
Nəhayət, dördüncü istiqamət, heç şübhəsiz ki, ölkənin iqtisadiyyatının tarazlı, proporsional inkişafıdır. Proqram məqsədli yanaşmaya əsaslanaraq, həm ölkənin ayrı-ayrı regionları, həm ayrı-ayrı sektorlar üzrə, həm də, heç şübhəsiz ki, neft və qeyri-neft sektorları üzrə tarazlı inkişafın təmin olunmasıdır.
Adını çəkdiyim bütün bu istiqamətlər təqdimatı keçirilən kitabda çox ətraflı və bəzən də lakonik, lakin konkret şəkildə öz əksini tapmışdır.
Hörmətli təqdimat iştirakçıları!
Hesab edirəm ki, iqtisadi siyasətin məhz bu cür həyata keçirilməsi neftə bağlı olan iqtisadiyyatın durğunluğuna heç bir şans vermir. Neft ixracı digər ölkələrin iqtisadiyyatında xarakterik olan müxtəlif sindromların yaranması ehtimalını sıfıra endirmişdir. Azərbaycanın gələcək tərəqqisi üçün çox əlverişli imkanlar, real baza yaratmışdır.
Vaxtilə Almaniya, sonralar Amerika modelindən, Yaponiya modelindən danışılırdısa, 1990-cı illərdə artıq Türkiyə modelindən, Çin modelindən, Çin möcüzəsindən danışılırdı. Mən əminəm və yəqin siz də təsdiq edərsiniz ki, yaxın onillikdə İlham Əliyevin iqtisadi uğur modelinə əsaslanan Azərbaycan iqtisadiyyatı öz nəticələri etibarilə çox ciddi, hətta iqtisadi möcüzəyə çevrilə biləcək bir şəkildə inkişaf edəcək, Azərbaycanın iqtisadi qüdrəti artacaq, vətəndaşlarımızın rifah halı daha da yüksələcəkdir.
Bu nikbinliklə son sözümü deməyə əsas verən ən mühüm amillərdən biri də təqdimatına yığışdığımız kitabın ayrı-ayrı bölmələrində bu məsələlərin geniş surətdə təhlili və çıxarılan, elmi araşdırmalara söykənən nəticələrdir.
Mən sonda kitabın müəlliflərinə, xüsusilə onun elmi redaktoru, Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz müəllimə bütün elmi ictimaiyyət, təhsil işçiləri adından təşəkkürümü bildirirəm. Əmin edirəm ki, biz həmin kitabda qarşıya qoyulan konkret vəzifələri rəhbər tutaraq, gündəlik işimizi bunlara uyğun quracağıq. Sağ olun.