x x x
- Hörmətli sədr!
Hörmətli mərasim iştirakçıları!
Dünya daim inkişafda olan, dəyişən, yeniləşən bir sistemdir. Dünya, eyni zamanda, dinamik və sözsüz ki, funksional bir sistemdir və bu sistemin ayrı-ayrı həlqələri bir-birilə çox sıx şəkildə və qırılmaz tellərlə bağlıdır. Əgər biz bu gün dünya siyasətinin tipoloji xarakteristikasını verməyə çalışsaq, görərik ki, bu sistemin müxtəlif həlqələri, onun ən elementar inteqral elementi, əslində isə, ən mühüm elementi olan insan amili, daha mürəkkəb politoloji, funksional təyinata malik olan vətəndaş cəmiyyəti təşəbbüsü qrupları, müxtəlif institusional təsisatlar, cəmiyyət, dövlət və daha geniş məqsədli regional qurumlar daim bütövlükdə sistemə xas olan müxtəlif özünəməxsusluqlara, müxtəlif qanunlara tabedir. Bu qanunların ən başlıcası bu sistemi hərəkətə gətirən, onun ayrı-ayrı həlqələrinin fəaliyyətini stimullaşdıran maraqlardan ibarətdir. Bəli, indi dünya maraqlar üzərində köklənir. Bunlar fərdi, korporativ, milli maraqlardır, dövlət maraqlarıdır və bu gün dünya siyasətinin qayəsi, başlıca məqsədlərindən biri də bu maraqları uzlaşdırmağı bacarmaqdan ibarətdir. Açığını deyək ki, bu maraqları uzlaşdırmaq heç də hər bir siyasətə xas olmayan haldır və siyasətçilərin heç də hamısı bu maraqların uzlaşdırılması sahəsində peşəkarlığı ilə öyünə bilməz.
Biz bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətinin 3 illiyinə həsr olunmuş “İlham Əliyev: iqtibaslar və təhlil” kitabının təqdimat mərasiminə toplaşmışıq. İlham Əliyevin üçillik fəaliyyətini təhlil edərkən belə bir qənaətə gəlirik ki, doğrudan da Azərbaycan Respublikasının Prezidenti davam etdirdiyi Heydər Əliyev xəttinə sadiq olaraq, bu böyük işi görməyi, bəlkə də, bir çox məqamlarda uzlaşmayan, barışmayan maraqları uşlaşdırmağı, barışdırmağı bacaran bir siyasətçidir. Azərbaycanın geostrateji mövqeyinə nəzər salsaq görərik ki, regionumuzda müxtəlif dövlətlərin, müxtəlif geosiyasi güclərin maraqları çox kəskin şəkildə kəsişir. Azərbaycanın istər ərazicə, istər əhalicə kiçik bir dövlət olduğunu nəzərə alsaq görərik ki, ölkə çox hallarda cari, operativ qərarlar qəbul etmək məcburiyyətində qalır. Bu zaman, sözsüz ki, ölkə rəhbərinin siyasi fəhmi, uzaqgörənliyi və siyasi təfəkkürü çox mühüm, çox həlledici rol oynayır. Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bir çox məqamlarda barışmayan ziddiyyətləri, uzlaşmayan maraqları, doğrudan da barışdırmağı bacaran bir siyasətçidir. Onu sözün həqiqi mənasında böyük dövlət xadimi edən amillərdən bir də məhz bundan ibarətdir.
Uinston Çörçillin məşhur bir kəlamı var. O deyirdi ki, siyasi xadimi dövlət xadimindən fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, siyasi xadim gələcək seçkilər haqqında düşünür, dövlət xadimi isə millətin gələcəyi haqqında düşünür. Ancaq mənə elə gəlir ki, millətin gələcəyi haqqında düşünmək hələ yaxşı dövlət xadimi, yəni sözün həqiqi mənasında yaxşı siyasi xadim olmaq üçün hələ kifayət deyildir. Mən təbii ki, burada Çörçillin anlamında siyasi xadim sözünü işlətmirəm. Söhbət həqiqi siyasi xadim olmaqdan gedir və bizim yaxın tariximiz də bunu sübut edir. Sözün həqiqi mənasında dövlət xadimi olmaq üçün bir çox başqa amillər də gərəkdir. Bu amillərin də ən əsaslarından biri adi təfəkkürlə, adi siyasi şüurla bəlkə də dərk edilməyəcək və heç vaxt bu uzlaşa bilməyəcək təsəvvürü yaranan və bəlkə də ancaq sonsuzluqda uzlaşa biləcək kimi görünən maraqları uzlaşdırmaqdan ibarətdir.
Azərbaycan regionda müstəqil siyasət yeridən, sözün həqiqi mənasında tam müstəqil siyasət yürüdən yeganə dövlətdir. Bunu mən təkcə azərbaycanlı, deputat kimi demirəm. Bir neçə il bundan öncə Avropa Şurası Parlament Assambleyasında fransalı deputatın hazırladığı bir sənəd müzakirə edilirdi. Bu sənəd Xəzər hövzəsinin karbohidrogen resurslarına həsr olunmuşdu və məruzəni hazırlayan fransız deputat gerçək olan bir həqiqəti söylədi. O, Cənubi Qafqazın siyasi mənzərəsindən danışarkən Gürcüstandan və Ermənistandan fərqli olaraq Azərbaycanı bölgədə, doğrudan da, müstəqil siyasət yeridən yeganə dövlət kimi xarakterizə etdi. Bu gün əgər biz Cənubi Qafqazın siyasi mənzərəsinə nəzər salsaq, bu sözlərin doğrudan da həqiqət olduğunu, bir daha sübuta yetdiyini deyə bilərik. Ən qəribəsi, ən maraqlı hal bundan ibarətdir ki, bölgədə baş verən bir çox mürəkkəb proseslər, bir çox ziddiyyətli məqamlar, əslində, Azərbaycanla bağlı olan, Azərbaycandan qaynaqlanan məqamlardır. Çünki bölgədə yeni dünya nizamının formalaşması istiqamətində gedən mübarizədə, bölgənin perspektivlərinin müəyyənləşməsi istiqamətində gedən mübarizədə, sözsüz ki, ilk növbədə, Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu önəmli olubdur. Azərbaycanın bölgə dövlətləri arasında xüsusi geostrateji mövqeyə, Şərq və Qərb, Cənub və Şimal arasında çox mühüm, geosiyasi rola malik olması təbii ki, bölgədə gedən proseslərin bəlkə də, əsasında, kökündə duran başlıca amillərdir.
Lakin bununla yanaşı, biz böyük fəxr hissi ilə deməliyik ki, bu karbohidrogen ehtiyatlarına, bölgə üçün ən mühüm geostrateji əhəmiyyətə malik bir dövlət olan Azərbaycan sözün həqiqi mənasında bölgədə müstəqil siyasət yürüdən bir ölkədir və ilk baxışda uzlaşmayan maraqları uzlaşdırmağı bacaran bir ölkəyə çevrilmişdir.
Azərbaycanın Rusiya barədə siyasətinin uğuru da məhz Heydər Əliyevin və geniş anlamda desək, Heydər Əliyev və İlham Əliyev siyasətinin düzgün həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın Amerika barədə siyasətinin uğuru da məhz bu siyasətin düzgün həyata keçirilməsinin nəticəsidir.
İlham Əliyev siyasəti təkcə barışmayan məqamları, barışmayan maraqları barışdıran siyasət deyil, həm də barışmayan anlayışları, ilk baxışda barışmayan məfhumları barışdıran siyasətdir. Çox məşhur bir ifadə var, deyirlər ki, diplomatlara dil fikirlərini ifadə etmək üçün deyil, düşündüklərini gizlətmək üçün verilir. Bir çoxları siyasəti riyakar cilddə görürlər və bir çoxları üçün siyasətdə yalan da, riyakarlıq da mövcud ola bilər.
İlham Əliyev siyasəti isə təpədən-dırnağadək, ilk addımından son addımınadək səmimi və düzgün siyasətdir. Mən tədbir iştirakçılarından üzr istəyərək, rus dilində bir kəlməni səsləndirəcəyəm. Ona görə ki, bu kəlmənin Azərbaycan dilində qarşılığını bilmirəm və yəqin ki, Azərbaycan türkcəsində bunun qarşılığı da yoxdur. Rus dilində belə bir ifadə var: “poryadoçnost”. Mən “düzgünlük” sözünü məhz bu mənada işlədirəm. İlham Əliyev siyasəti sözün həqiqi mənasında ilk addımından son addımına qədər səmimi və düzgün siyasətdir və bəlkə də ona uğur gətirən, onu dünyanın müxtəlif güc mərkəzləri tərəfindən qəbul edilən bir amilə çevirən məhz bu siyasətin düzgünlüyü və səmimiyyətidir.
İlham Əliyev bütün siyasi fəaliyyəti boyu ancaq milli mənafelərdən çıxış edən siyasət yürüdübdür. Onun siyasətinin qayəsini, ana xəttini Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin maraqları təşkil edir. İlham Əliyev heç vaxt öz siyasi imicinin qayğısına qalan siyasətçi olmayıbdır. Hətta Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti olduğu bir dövrdə də İlham Əliyev yalnız Azərbaycanın mənafelərindən çıxış edərək, özünü bir Azərbaycan vətənpərvəri kimi təqdim etməyi bacarmışdı. İlham Əliyev Dağlıq Qarabağ məsələsindəki prinsipiallığı, qətiyyəti ilə, bəzən kompromis, barış meyilli dünya birliyi tərəfindən, Avropa cəmiyyəti tərəfindən bəlkə də qəbul edilməyəcək dərəcədə qətiyyəti, cəsarəti ilə həmişə milli mənafelərimizi, Azərbaycanın mənafeyini qoruyan və sonadək müdafiə edən bir siyasətçi olubdur. İlham Əliyevin Qarabağ siyasəti onu azərbaycanlılara sevdirən əsas, başlıca məqamlardan biridir. İlham Əliyev Qarabağ siyasətində təkcə qətiyyətli deyil, cəsarətli deyil, həm də uzaqgörəndir. Strateji planlaşdırmanı bacaran, dərin siyasi analitik təhlil qabiliyyətinə malik olan bir siyasətçidir. Qarabağ danışıqlarında hücumçu taktikanı bəyan etməklə yanaşı, Azərbaycanda müxtəlif təsisatların - Hərbi Sənaye Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin yaradılması istiqamətində addımlar atmaqla İlham Əliyev Qarabağ siyasətinin sabahı ilə bağlı çox ciddi fikirlərə, çox ciddi konsepsiyaya malik olduğunu bir daha ortaya qoydu.
Azərbaycan istər karbohidrogen ehtiyatları, istərsə də digər təbii resursları ilə zəngin bir ölkədir. Ancaq Azərbaycanın ən böyük sərvəti, ən böyük neməti onun insanlarıdır və İlham Əliyevin daxili siyasətinin də uğuru məhz bu insanlara güvənməyində, arxalanmağındadır. Prezident seçilərkən İlham Əliyevin söylədiyi bir fikir, düşünürəm ki, onun siyasi fəaliyyətinin ana xəttini təşkil edir. İlham Əliyev hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmağı arzulayırdı və seçildiyi müddətdən keçən bu üç il ərzində o, öz əməli fəaliyyəti ilə sübut etdi ki, sözün həqiqi mənasında, hər bir azərbaycanlının Prezidenti olmağı bacaran insandır, siyasi xadimdir.
İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətindəki fəaliyyətinin də əsas qayəsi Azərbaycan insanıdır. Sadə, zəhmətkeş, vətənpərvər Azərbaycan insanıdır. İlham Əliyevin elm, intellekt tutumlu sahələrə göstərdiyi diqqət, yüksək informasiya-kommunikasiya texnologiyalarının inkişafı, Azərbaycanda tətbiqi istiqamətində atdığı addımlar da məhz Azərbaycan insanının gələcəyi ilə bağlı qayğılardan, düşüncələrdən xəbər verir.
Azərbaycanda son dövrlər Heydər Əliyev Fondunun və onun rəhbəri, YUNESKO-nun xoşməramllı səfiri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəbin tikilməsi, təmir olunması, əsaslı şəkildə yenidən qurulması, təhsilin kompyuterləşdirilməsi, bütün bunlar sözsüz ki, ilk növbədə, Azərbaycan insanına, Azərbaycanın gələcəyinə yönələn addımlardır. Bu addımları atarkən sözsüz ki, İlham Əliyev ilk növbədə həmin o sadə, zəhmətkeş, vətənpərvər Azərbaycan insanının mənafeyini hər şeydən üstün tutur.
İlham Əliyev dəfələrlə hər bir məmuru Azərbaycan xalqının xidmətçisi olmağa səsləyibdir. Onun böyüklüyü, xalqın gözündə ucalmasının və xalq tərəfindən sevilməsinin də ən böyük, başlıca səbəblərindən biri də bundan ibarətdir ki, İlham Əliyev sözün həqiqi mənasında xalqının xidmətçisi olmağı istəyən, bununla da xalqının gözündə yüksələn və ən yüksək zirvədə dayanmış bir siyasi xadimdir.
Sözsüz ki, İlham Əliyevin istər xarici, istərsə də daxili siyasətinin uğurlarından saatlarla danışmaq olar, onun müxtəlif cəhətlərini qeyd etmək olar. Burada bu siyasətin iqtisadi məqamlarına da toxunuldu. Ancaq mən bir məqama da diqqət yetirmək istəyirəm.
Düşünürəm ki, biz - məmurlar da, millət vəkilləri də İlham Əliyevin siyasətdə qoyduğu yüksək standartlarla ayaqlaşmağı, ölkəmizdə başlanmış və daha da sürətlənməsi vacib olan islahatların önündə getməliyik, yəni bu işdə Prezidentə yardımçı olmağı bacarmalıyıq. Söhbət həyatın bütün sahələrini əhatə edən demokratik islahatlardan gedir. Bu islahatlar həm hüquq sahəsini, həm iqtisadi, həm sosial, həm də siyasi sahəni əhatə etməlidir. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin hər bir çıxışına, hər bir müraciətinə nəzər salsaq, görərik ki, o, bizi bu istiqamətdə əməli fəaliyyətə sövq edir. Mən İlham Əliyevin parlamentin 2006-cı ilin payız sessiyasının açılışındakı çıxışından bir məqamı xatırlatmaq istəyirəm. İlham Əliyev millət vəkillərini dövlət büdcəsinin reallaşması sahəsində daha əzmkar, daha diqqətli olmağa, dövlət büdcəsinə nəzarətdə Konstitusiyanın verdiyi səlahiyyətlərdən istifadə edərək, daha ciddi fəaliyyət göstərməyə çağırdı. Mənə elə gəlir ki, bizim də borcumuz yüksək səviyyədə bərqərar olmuş bu siyasətin standartlarına cavab verməkdən və bu istiqamətdə addımlar atmaqdan ibarətdir.
Sözsüz ki, çox məqamlar barədə danışmaq istəyirik. Sadəcə olaraq vaxt məhduddur. Lakin mən bir məqama toxunmadan çıxışımı yekunlaşdıra bilmərəm. İlham Əliyev siyasəti dünya miqyasında, beynəlxalq aləmdə nə qədər böyük uğurlar, nə qədər çox nüfuz qazanırsa, bu, vaxtilə həmin siyasətin başında duran, onun təməlini qoymuş böyük şəxsiyyətə, böyük insana, ümummilli liderimiz Heydər Əliyevə bizim övlad minnətdarlığımızı bir o qədər artırır.
İlham Əliyevin hər bir uğuru, hər bir nailiyyəti Heydər Əliyevin uğurudur, nailiyyətidir. Ona görə də biz bu gün İlham Əliyevin uğurlarına sevinməklə yanaşı, hər bir uğura görə o böyük siyasətə və o böyük siyasətçiyə öz dərin minnətdarlıq hissimizi, övlad minnətdarlığımızı, təşəkkürümüzü ifadə etməliyik və mən çıxışımı elə bu arzularla yekunlaşdırmaq istəyirəm.
Çıxışımın sonunda vətənimə, millətimə rifah, tərəqqi, əziz Prezidentimə cansağlığı, Azərbaycan naminə, Qarabağ naminə atdığı bütün addımlarda böyük uğurlar diləmək istəyirəm. Yenə deyim ki, son sözüm ümummilli liderimiz Heydər Əliyevin xatirəsi qarşısında öz övlad məhəbbətimi, səmimi minnətdarlığımı və hörmətimi bir daha və bir daha ifadə etməkdən ibarətdir.
Diqqətinizə görə sağ olun.