x x x
- Hörmətli xanımlar və cənablar!
Mən də burada Milli Məclis sədrinin müavini hörmətli Bahar xanımın çıxışına həm diqqətlə qulaq asdım, onu tam dəstəkləyirəm və çıxışın bütün məqamları ilə razılaşıram, həm də onun təklifini nəzərə alaraq, çalışacağam ki, öz çıxışımda reqlamentə riayət edim.
Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti qısa zamanda nəinki bölgədə, ümumiyyətlə, beynəlxalq aləmdə ən nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. Bu danılmaz bir həqiqətdir. Hüquqi, demokratik dövlət quruculuğu uğurla davam etdirilir, vətəndaş cəmiyyəti formalaşır. Ölkədə davamlı surətdə həyata keçirilən islahatlar Azərbaycanın keyfiyyətcə yeni mərhələlərə keçidini təmin edərək, müəyyən qanunauyğunluğa çevrilmişdir.
Lakin bu da həqiqətdir ki, ölkəmiz 1988-1993-cü illərdə özünün elə ağır dövrlərini yaşamışdır ki, ondan sonrakı illərdə yeni, qüdrətli Azərbaycan qurulacağı əlçatmaz bir arzuya bənzəyirdi. Amma bu arzu gerçəkləşdi. İndi bu barədə sanki heç düşünmürsən və hesab edirsən ki, elə belə də olmalı idi.
Elə bu baxımdan, təqdim edilən əsərin “Ön söz”ünün müəllifi professor Ramiz Mehdiyev çox haqlı olaraq yazır: “Hər bir ölkənin dirçəliş və tərəqqi yoluna çıxması onun qismətinə düşən dahi şəxsiyyətlərin yaradıcı fəaliyyəti ilə mütənasib surətdə bağlı olmuşdur”. Bəli, Azərbaycan xalqının da qismətinə onun böyük oğlu dahi Heydər Əliyev düşmüşdü. Onun dühası, əzmi, xalqına və dövlətinə sonsuz məhəbbəti bugünkü qüdrətli Azərbaycan dövlətini yaratmağa imkan verdi. Müəllif fikrini davam etdirərək vurğulayır: “Dövlətin taleyində həlledici rol oynamış lider şəxsiyyətlərin layiqli davamçılarının olmadığı təqdirdə isə, hər hansı xalqın, millətin həyatında sonu görünməyən faciələrin başlanğıcı qoyulmuşdur”. Bu fikir çox dəqiq və çox həssaslıqla ifadə edilmişdir. Doğrudan da, varislik prinsipi həlledici əhəmiyyətə malikdir. Siyasi varisliyin təmin edilməsinin xalqın, dövlətin həyatında həlledici rolu vardır.
Məhz 2003-cü ildə xalqımız ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcək siyasətini davam və inkişaf etdirəcək görkəmli siyasətçi cənab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək, onu ölkənin Prezidenti seçdi. Kimin necə düşünməsindən asılı olmayaraq, bu, xalqın iradəsinin təntənəsi idi.
Kitabda, eyni zamanda, dərin elmi təhlil əsasında belə bir nəticəyə gəlinir: “2003-cü ildə xalqın etimadı və dəstəyi ilə Prezident İlham Əliyevin dövlət rəhbərliyinə gəlməsindən etibarən, ulu öndərin müəyyənləşdirdiyi milli strategiyanın növbəti konseptual mərhələsinin başlandığı gerçəklikdir”. Bəli, bu həqiqətdir.
Nəfis şəkildə çap edilmiş “İlham Əliyev: İqtibaslar və təhlil” əsəri cənab İlham Əliyevin 2003-2006-cı illəri əhatə edən fəaliyyəti dövründəki çıxışlarının məntiqi təhlili əsasında ölkəmizin keçdiyi inkişaf yolunu əks etdirir. Cənab İlham Əliyevin fəaliyyətinin son üç ilinin fəlsəfi-politoloji təhlilinə həsr olunmuş ümumiləşdirici “Ön söz”dən başlayaraq, bütün bölmələr bugünkü Azərbaycan reallığını dolğun şəkildə əks etdirir.
Müəlliflər ölkə həyatının bütün sahələrində gedən sürətli keyfiyyət dəyişikliklərini ardıcıl, məntiqi surətdə təhlil edir, baş verənləri qiymətləndirir, nəticələrə gəlirlər. Real faktlara söykənən təhlil əsasında İlham Əliyevin islahatlarının yeni bir fenomen yaratdığının nəticəsini görməmək mümkün deyildir. Ümümi daxili məhsulun həcminin qısa müddət ərzində 32 faiz həddini aşmasını və onun artan sürətini, həqiqətən də, elmi araşdırması zəruri olan yeni bir fenomen kimi qiymətləndirmək lazımdır.
Aparılan uğurlu daxili və xarici siyasət ölkənin iqtisadi potensialını artıraraq, son üç ildə dövlət büdcəsinin bir milyard beş yüz milyon dollardan altı milyard dollara çatmasını təmin etmişdir. Yeni açılan yüz minlərlə iş yeri, yüzlərlə yeni tikilən məktəb, yoxsulluğun 2004-cü ildən bəri 29 faiz səviyyəsinə endirilməsi, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real resursların dayanıqlı mənbəyinin yaradılması, həqiqətən də, ağlasığmaz uğurların nəticəsidir.
Ölkə iqtisadiyyatı üçün çox əhəmiyyətli olan bir faktı da qeyd etmək vacibdir. Sahibkarlığın inkişaf etdirilməsi nəticəsində özəl sektorun payı ümumi daxili məhsulda 77 faizə çatmışdır. Əlbəttə, hər bir ölkənin iqtisadiyyatı onun ümumi daxili məhsulunda özəl sektorun payından asılıdır. Bügünkü reallıq göstərir ki, Azərbaycan bazar iqtisadiyyatı şəraitində bu siyasətini ardıcıl surətdə davam etdirir.
Şübhəsiz ki, bütün bunlar ölkə Prezidentinin bütün bölgələrə intensiv səfərləri zamanı vəziyyətin təhlili əsasında ölkə iqtisadiyyatının inkişafı üçün prioritet sahələri müəyyənləşdirməsi, qətiyyətli irimiqyaslı dövlət proqramlarının hazırlanmasına dair imzaladığı fərman və sərəncamların, onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin nəticəsidir.
Eyni zamanda, qeyd etməliyik ki, bu gün beynəlxalq aləmdə ölkələrin enerji təhlükəsizliyini Azərbaycansız təsəvvür etmək qətiyyən mümkün deyildir. Azərbaycan artıq özü iri layihələrə sərmayə qoyuluşunu təmin edə biləcək qüdrətli ölkəyə çevrilibdir. Əlbəttə, görülmüş işlər nəticəsində qazanılmış uğurlar böyükdür.
Bu iqtisadi yüksəlişə, beynəlxalq aləmdə tutduğu mövqeyə qiymət verərkən, möhtərəm cənab İlham Əliyev deyir ki, bu gün Azərbaycansız bölgədə heç bir layihə həyata keçirilə bilməz. Bu, bugünkü Azərbaycanın reallığıdır və hər birimizin qəlbində iftixar hissi doğurur.
Hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işlərdə göstərən cənab İlham Əliyev çadır düşərgələrinin ləğv edilməsini və məcburi köçkünlərin hər birinin fərdi evlə təmin olunacağını bəyan etdi və bunu həyata keçirdi. Dünyanın heç bir yerində heç bir dövlət öz büdcəsi hesabına belə böyük layihəni həyata keçirməyibdir. Azərbaycana səfər etmiş bütün beynəlxalq təşkilatların rəhbərləri bunu qeyd etmiş, bunu çox gözəl nümunə kimi qiymətləndirmişlər. Bəli, bütün bunlar İlham Əliyev fenomeninin təzahürləridir.
Ümumiyyətlə, təqdim edilən bu gözəl əsər azərbaycanşünaslığa, müasir Azərbaycan tarixinin, müasir tipli dövlət quruculuğunun, yeni siyasi lider tipinin öyrənilməsinə sanballı bir töhfədir.
Fikrimi cənab İlham Əliyevin sözləri ilə davam etdirmək istərdim: “Bu gün çox gözəl gündür. Çünki bu gün Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı Azərbaycan yaşayır, güclənir və bundan sonra da yaşayacaqdır. Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.
Mən də əminliklə bildirirəm ki, Azərbaycan xalqı öz sevimli liderini 2008-ci ildə prezident seçkilərində də inamla dəstəkləyəcək və İlhamla işıqlı sabahı təmin edəcəkdir.