Xaçmaz rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib
Xaçmaz, 8 aprel, Elxan Yusifli, AZƏRTAC
Dövlətimizin bugünkü inkişafında ağsaqqal və ziyalılarımızın böyük rolu var və onların gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfə verirlər. Prezident İlham Əliyevin ağsaqqal və ziyalılarımızı daim diqqətdə saxlayır, onlara qayğı göstərilir. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənəyə həmişə böyük önəm verilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə aprelin 8-də keçirilən Xaçmaz rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransında bəhs olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Respublika Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov konfransda çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıblar.
Çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı qələbədən danışıb, torpaqlarımızın işğaldan azad olunmasının xalqımızda böyük ruh yüksəkliyi yaratdığını qeyd ediblər.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Konfransda, həmçinin rayon Ağsaqqallar Şurasının sədri və müavinləri, İdarə Heyəti, Təftiş komissiyasının tərkibi və üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Məhərrəm Abbasov rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.
Çıxış edən rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da yaxından iştirak edəcəklərini vurğulayıblar. Konfransda iştirak edən rayon ağsaqqalları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.