Xaçmazlı fəal gənclər və idmançılar mükafatlandırılıb
Xaçmaz, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda keçirilən tədbirdə rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən, eləcə də idman yarışlarında uğur qazanan gənclər fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının rəhbərliyi və fəal gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir çərçivəsində Heydər Əliyev mərkəzinin foyesində məktəblilərin rəsm əsərlərindən ibarət sərgi açılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gəncləri ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində mərdliklə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ilə Azərbaycan otuzillik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov ölkəmizdə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışıb.
Çıxışlarda Xaçmaz rayonunda 2022-ci ildə gənclər və idman sahəsində əldə edilən nailiyyətlərə də toxunulub. Gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün rayonda ardıcıl tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və fəal gənclər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medallar, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilən gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı ilə davam edib.