Xalq Şairi Hüseyn Arifin yubileyi qeyd edilmişdir
Bakı, 21 iyun (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi Hüseyn Arifin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, tədbir Hüseyn Arifin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlamışdır.
Bakı Slavyan Universitetinin müəllimi, filologiya elmləri doktoru Rüstəm Kamal Hüseyn Arifin həyat və yaradıcılığı haqqında danışmışdır.
Bildirilmişdir ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.
Sonra Xalq Şairi Zəlimxan Yaqub şair haqqında öz fikir və xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəzail Miskinli şairin çox sevdiyi “Dilqəmi” və “Ruhani” aşıq havalarını ifa etmiş, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyev isə “Azərbaycan simfoniyası” və “Günlər olaydı” şeirlərini söyləmişdir.
Sonda şairin qızı Zöhrə Hüseynzadə Prezident İlham Əliyevin bu il mayın 2-də Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırmışdır. O, Sərəncama əsasən Azərbaycanın müxtəlif yerlərində yubiley tədbirlərinin təşkil olunduğunu söyləmişdir.