XALQ YAZIÇISI ELÇİNƏ MÜKAFAT TƏQDİM OLUNMUŞDUR TÜRKİYƏDƏ TƏQDİMAT MƏRASİMİ
Görkəmli elm və mədəniyyət xadimlərinin, universitetin professor və müəllim heyətinin, çoxsaylı oxucuların iştirakı ilə keçirilən təntənəli mərasimdə geniş məruzə edən doktor Rahim Tarım Elçinin yaradıcılığından danışmış, müasir dövrdə tanınmış türkdilli yazıçılardan biri kimi onun əsərlərinin bədii-estetik xüsusiyyətlərini təhlil etmişdir.
Universitetin ədəbiyyat fakültəsinin dekanı, professor Esin Küntay, rektorun müavini Özər Ərənman, görkəmli türk dramaturqu Tüncər Cücənoğlu, tanınmış yazıçı və tərcüməçi İldəniz Kurtulan mərasimdə çıxış edərək, Elçinin ədəbiyyat sahəsində, eləcə də Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərindən, müasir Türkiyədə ən çox nəşr olunan və sevilən bir yazıçı kimi onun əsərlərinin məziyyətlərindən söhbət açmışlar.
Mərasimdə çıxış edən xalq yazıçısı yüksək mükafata görə təşəkkürünü bildirərək demişdir: “Bu yüksək mükafatı mən yalnız öz yaradıcılığıma yox, bütün müasir Azərbaycan ədəbiyyatına sizin diqqətiniz və qiymətiniz kimi qəbul edirəm”.
Xatırladaq ki, Elçin qardaş ölkənin Fateh və Yedditəpə universitetlərinin də fəxri doktorudur və onun əsərləri Türkiyə universitetlərində tədqiqat obyektinə çevrilmişdir.
Təqdimat mərasimi kamera musiqisi konserti ilə başa çatmışdır.