“Xarıbülbül” əcdadlarımızın xatirəsinə ehtiram əlamətidir
Bakı, 24 aprel, AZƏRTAC
Bakıdakı Rus Evində məşhur şair Eldar Əhədovun “Xarıbülbül” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, şeir formasında Azərbaycan və rus dillərində yazılmış kitabda Azərbaycan xalqının formalaşmasının 1500 illik tarixindən, bu xalqın yetirmələri olan görkəmli hökmdar, şair, memar, həkim, alim, musiqiçi və bəstəkarlardan, rəssamlardan və Odlar Yurdunun müdafiəçilərindən bəhs edilir.
Təqdimat mərasimində Eldar Əhədovun şeirlərinə uyğunlaşdırılmış rəqs kompozisiyalarına həsr edilmiş musiqili videofilmlər nümayiş etdirilib. Rəqslər 15 il çox bundan əvvəl Krasnoyarsk diyarında yaradılmış “Odlar Yurdu” Azərbaycan Xalq Rəqs Ansamblının ifasında təqdim olunub. Kitabdakı şeirlərə həsr edilmiş ədəbi-musiqili kompozisiya böyük maraqla qarşılanıb.
Eldar Əhədov bu kitabın yaradılması ideyasından söhbət açıb. Sonra nəşrə illüstrasiyaların müəllifi rəssam Eldar Babazadə, “Şərq-Qərb” nəşrlər evinin direktoru Sevil İsmayılova, Bakı Slavyan Universitetinin professoru, “Русский язык и литература в Азербайджане” jurnalının baş redaktoru Flora Naci, məcmuəni Azərbaycan dilinə çevirmiş şair-tərcüməçi Alviz Əliyev, “Günay” teatrının rəhbəri Larisa Tarusova və digər qonaqlar bu nəşr barədə təəssüratlarını bölüşüblər. Sonda imza sessiyası keçirilib.
Azərbaycanda dünyaya gəlmiş müəllif taleyin qismətindən onilliklər boyu Mərkəzi Sibirdə, Altay və Sayan dağlarında yaşayıb. Burada, Yenisey çayının yuxarı axarında oğuzların ulu vətəni Turan yerləşir, ulu əcdadlarımız olmuş pəhləvanların şərəfinə daşdan yonulmuş heykəllər ucaldılıb. Müəllif türk xaqanlığının hər iki sahilində olub - Zabalkalye diyarından Aralıq dənizinə qədər böyük bir ərazini gəzib-dolaşıb.
“Xarıbülbül. Azərbaycan dastanı”/ “Xaры-бюльбюль. Азербайджанский дастан” kitabının nəşri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.