ELM VƏ TƏHSİL
XARİCDƏ YAŞAYAN HƏMVƏTƏNLƏRİMİZ ÜÇÜN “AZƏRBAYCAN İQTİSADİYYATI” KİTABI NƏŞR OLUNMUŞDUR
Mərkəzdən AZƏRTAC-ın müxbirinə demişlər ki, kitabda Azərbaycan iqtisadiyyatının çağdaş inkişafının ümumi mənzərəsi təhlil edilir. Burada keçən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi vaxtlarda iqtisadi cəhətdən böyük uğurlar qazanıldığı inandırıcı faktlarla əks olunmuşdur. Bu nailiyyətlər ölkəmizin iqtisadi inkişafının böyük ehtiyat mənbələrinin nə qədər geniş və çoxcəhətli olduğunu əyani şəkildə üzə çıxarmışdır.
Respublikamızın iqtisadiyyatının o dövrdə inkişafının xüsusiyyətlərini və istiqamətlərini, habelə onun bitməz-tükənməz müxtəlif təbii sərvətlərinin şərhini verməklə müəlliflər xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın zəngin imkanları barədə biliklərini artırmağı qarşıya məqsəd qoymuşlar. Bununla da onlar ölkəmizin daha yüksək iqtisadi tərəqqi naminə soydaşlarımızın, eləcə də əcnəbi sahibkarların respublikamıza sərmayə qoymaq işinə cəlb edilməsinə səy göstərmişlər.
Kitab ali məktəb müəllimləri, tələbələr, elmi-tədqiqat və müxtəlif iqtisadi sahədə çalışan mütəxəssislər üçün qiymətli vəsaitdir.