XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Transxəzər qaz layihəsi barədə fikirlərini bölüşən D.Stayn bu layihənin əhəmiyyətini, yeni qaz ixracı marşrutunun enerji təhlükəsizliyi və alternativ enerji mənbələrinin əldə olunması baxımından Avropa üçün önəmini vurğulamış, yeni layihənin Qazaxıstan qazının Xəzər dənizi vasitəsilə ixracına və Avropaya qazın alternativ marşrutla nəqlinə şərait yaradacağını bildirmişdir.
Nazir E.Məmmədyarov bu layihədə Azərbaycanın da maraqlı olduğunu söyləmiş, onun enerji təhlükəsizliyi cəhətdən əhəmiyyətini nəzərə çarpdırmışdır. O, enerji təhlükəsizliyinə dair bu yaxınlarda Bakıda konfransın keçirildiyini də xatırlatmışdır.
E.Məmmədyarov Azərbaycanın təkcə istehsalçı deyil, həm də tranzit ölkə kimi imkanlarının geniş olduğunu bildirmişdir. Nazir layihənin həyata keçirilməsi üçün bir sıra məsələlərin, o cümlədən texniki-iqtisadi əsaslandırmanın, bu işdə özəl şirkətlərin rolunun araşdırılmasına ehtiyac olduğunu, ABŞ Ticarət və İnkişaf Agentliyinin, habelə Dövlət Departamentinin bu sahədə əməkdaşlığının zəruriliyini diqqətə çatdırmışdır.
Tərəflər Azərbaycanda qeyri-neft sektorunun inkişafının zəruriliyini və bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışlar.
Görüşdə iştirak edən Lark-Horton Qlobal Konsaltinq və Ticarət və İnvestisiya İmkanlarının İnkişafı üzrə Beynəlxalq Fondun prezidenti və icraçı direktoru xanım Şeron Friman Azərbaycanda yaradılan Diplomatiya Akademiyası ilə bağlı fikirlərini bölüşmüşdür.
E.Məmmədyarov nazirliyə işə qəbul qaydaları barədə danışmışdır. Akademiyada Azərbaycanın siyasi, iqtisadi, ictimai həyatında, beynəlxalq aləmdə baş verən mühüm hadisələr barədə analitik materialların hazırlanacağını, digər ali məktəblərlə tələbə və müəllim mübadiləsinin nəzərdə tutulduğunu bildirən nazir yeni təhsil ocağına təkcə xarici siyasət idarəsi əməkdaşlarının deyil, digər hökumət qurumları işçilərinin də cəlb olunacağını söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılmışdır.