XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞLƏR
Azərbaycanın ABŞ-la tərəfdaşlığa böyük əhəmiyyət verdiyini xatırladan Elmar Məmmədyarov hərbçilərimizin İraq, Əfqanıstan və Kosovada sülhyaratma əməliyyatlarında iştirakının ölkəmizin ABŞ-a dəstəyinin bir nümunəsi olduğunu vurğulamış, bu dəstəyin qarşılıqlı olacağına və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallığını artıracağına ümid etdiyini bildirmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin hər iki ölkədə yaratdığı gərginliyə həssaslıqla yanaşdığını bildirən qonaq Amerika tərəfinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həlli üçün səylərini davam etdirəcəyini söyləmişdir.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak etmişdir.
X X X
Həmin gün xarici işlər naziri Elmar Məmədyarov Çexiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Yozef Vrabets ilə görüşmüşdür.
Nazirliyin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan-Çexiya münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini bildirən Elmar Məmmədyarov ölkələrimizin siyasi əməkdaşlığının yüksək səviyyədə olduğunu və iqtisadi sahədə də eyni nəticələrin əldə edilməsinin zəruriliyini vurğulamışdır.
Yozef Vrabets ölkəsinin Azərbaycanla əməkdaşlığına böyük əhəmiyyət verdiyini və səfir kimi fəaliyyətində iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi üçün çalışacağını bildirmişdir. O demişdir ki, ölkəsinin iş adamları iqtisadi əməkdaşlığa dair bir sıra layihələri nəzərdən keçirirlər. Diplomat Çexiya şirkətlərinin Azərbaycanda yolların çəkilməsi, Sumqayıtda elektrik stansiyasının bərpası və digər layihələrdə iştirak etmək niyyətində olduqlarını söyləmiş, bu layihələrin gerçəkləşəcəyinə ümid bəslədiyini bildirmişdir.