Xarkovda yaşayan həmvətənlərimiz Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini anmışlar
Kiyev, 25 fevral (AZƏRTAC). Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
Şəhərdə fəaliyyət göstərən Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Murad Ömərov tədbiri açaraq Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, azərbaycanlı gəncləri bu faciəli hadisələri unutmamağa çağırmışdır.
Sonra tədbir iştirakçıları Xocalı qətliamında həlak olanların nurlu xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Tədbirdə iştirak edən faciənin bilavasitə iştirakçıları 1992-ci il fevralın 25-dən 26-na keçən müdhiş gecənin dəhşətlərindən danışmışlar.
Tədbir iştirakçıları faciə ilə bağlı mətbu məhsullarla tanış olmuş, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filminə baxmışlar.
“Dostluq” Cəmiyyətinin fəxri üzvü Azad Ömərov və Xarkov Milli Radioelektronika Universitetinin tələbəsi Akif Əkbərli Xocalı soyqırımına həsr edilmiş şeirlərini oxumuşlar.
Xatirə gecəsində Azərbaycan diasporunun üzvləri, Xarkovun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, Ukrayna ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev