SİYASƏT
Xayber-Paxtunxvanın Baş naziri: Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq
![Xayber-Paxtunxvanın Baş naziri: Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıyıq](/files/2017/2/1200x630/14950868306036337553_1200x630.jpg)
İslamabad, 18 may, АZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Xayber-Paxtunxva əyalətinə səfəri çərçivəsində bu əyalətin Baş naziri Pərviz Xəttak ilə görüşüb.
Görüşdə səfir Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hər iki ölkənin regionlarına da sirayət etdiyini və bu əlaqələrin inkişafının önəmli olduğunu bildirib.
Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait və güzəştlər, bu ilin fevralında Azərbaycanın biznes nümayəndə heyətinin Pakistanın bir sıra əyalətlərinə səfəri haqqında məlumat verən səfir Azərbaycanın Pakistan ilə digər sahələrlə yanaşı, ticari-iqtisadi istiqamətində də əlaqələrin yaradılmasında və inkişafında maraqlı olduğunu bildirib.
Ə.Əlizadə Azərbaycanın bir sıra şirkətlərinin də Pakistanın Xayber-Paxtunxva əyalətində həyata keçirilən infrastruktur və digər layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb.
Əyalətin Baş naziri Pərviz Xəttak Azərbaycan-Pakistan əlaqələrinin inkişaf etdiyini bildirib, Xayber-Paxtunxva əyalətinin də Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, ticari-iqtisadi sahədə əlaqələrin inkişafı üçün əyalətin geniş imkanlara malik olduğunu qeyd edib, azərbaycanlı iş adamlarını əyalətdə həyata keçirilən layihələrdə iştiraka dəvət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad