“Xəmsə” Milli İntellektual Oyununun Naxçıvan Muxtar Respublika zona mərhələsinə yekun vurulub
Naxçıvan, 21 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual Oyununun X Azərbaycan çempionatının Naxçıvan Muxtar Respublika zona mərhələsinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə muxtar respublikanın Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək oyunun əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
İyirmi beş komandanın iştirak etdiyi oyun 8 mərhələ, 2 yarımfinal və final mərhələsindən ibarət olub.
Yarımfinal mərhələlərində ən yüksək xal toplayan “Turan”, “Nuh”, “Hüriyyət” və “Ordubad” komandaları finalda mübarizə aparıblar.
Oyunun yekun nəticəsinə görə “Turan” komandası I, “Nuh” komandası II, “Hüriyyət” komandası isə III yerə çıxıb. Qalib gələn komandalara təşkilatçılar tərəfindən diplom (plaket), fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim edilib.
Qalib komandalar “Xəmsə” Milli İntellektual Oyununun X Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəklər.
Qeyd edək ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.