Xətai rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər
Bakı, 5 may (AZƏRTAC). Mayın 5-də Xətai rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etmişlər.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun da aralarında olduğu ziyarətçilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu Öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin, Mərkəz Azərbaycanın tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ziyarətçilərdə böyük maraq doğurmuşdur.
Diqqətinə çatdırılmışdır ki, Muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdə verilir. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Muzeyin “Şəkillərə həkk olunan ömür”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçiliyimiz, irsimiz, nailiyyətlərimiz” bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual təqdim edilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.
Muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillər ziyarətçilərin marağına səbəb olmuşdur.
Bildirilmişdir ki, muzeyin ən maraqlı bölmələrindən biri də Ulu Öndərin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və Ümummilli Liderə təqdim edilən hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.
Qonaqlar Heydər Əliyev Mərkəzində zəngin təəssüratla ayrılmışlar.