CƏMİYYƏT
Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 avtomat və 1 tapança aşkarlanıb VİDEO
![Xətai rayonunda saxlanılan şəxslərdən 3 qumbara, 3 avtomat və 1 tapança aşkarlanıb VİDEO](/files/2024/1/1200x630/17067971861412018500_1200x630.jpg)
Bakı, 1 fevral, AZƏRTAC
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ondan 3 “F-1” qumbarası aşkar edilib.
Əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov qanunsuz silah saxladığı üçün Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində tutulub. Ondan 3 “Kalaşnikov” markalı avtomat və 3 patron darağı aşkar edilib.
Rayon polis idarəsi və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı isə silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb.
Saxlanılanlar əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.
Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.