Xətai rayonunda Vətən müharibəsi şəhidi Qərib Baxşəliyevin xatirə lövhəsinin açılışı olub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Vətən müharibəsi şəhidi polkovnik-leytenant Baxşəliyev Qərib İnqilab oğlunun anım mərasimi keçirilib. Anım günündə şəhidin məzarı ziyarət edilib, Xətai rayonunda xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev, Xətai və Nərimanov rayon İcra hakimiyyətlərinin başçıları, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Milli Məclisin deputatları, Vətən Müharibəsi qəhrəmanları polkovnik Nizami Mövlanov, polkovnik-leytenant Anar Mirzəyev, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.