XEYİRXAHLIĞA ƏSASLANAN ƏMƏKDAŞLIQ MÖHKƏMLƏNƏCƏKDİR
Qonaq bildirmişdir ki, bu təşkilat qaçqınların problemlərinin həlli yollarının müzakirəsi ilə bağlı respublikamızda beynəlxalq konfrans və simpozium keçirmək niyyətindədir. İNT qaçqınlar üçün iş yerləri açılması və onların əməyə cəlb edilməsi məqsədi ilə respublikamızın nazirlikləri, şirkətləri, konsernləri və işgüzar adamları ilə əlaqələr yaradacaqdır. Bu təşkilat köçkünlərin doğma yerlərinə qaytarılması dövründə kəndlərin, qəsəbələrin, evlərin bərpası sahəsində sınaqdan çıxmış proqrama malikdir. İNT azərbaycanlı qaçqınlara 1993-cü ildə 5 milyon dollarlıq yardım göstərmiş, gələn il isə bu yardımın həcmini 8 milyon dollara çatdırmaq niyyətindədir.
Respublika Prezidenti Beynəlxalq İslam Nicat Təşkilatına Azərbaycana göstərdiyi kömək üçün minnətdarlıq etmiş və ümidvar olduğunu bildirmişdir ki, qarşılıqlı əlaqələr davam etdirilib daha da genişləndiriləcəkdir.
Əbdülhəmid Cəfər Dağistani əmin olduğunu bildirmişdir ki, Azərbaycanın qarşılaşdığı problemlər indiki rəhbərliyin düzgün siyasəti nəticəsində tezliklə öz həllini tapacaq, düşmən təcavüzünə son qoyulacaqdır. Qonaq sözünə davam edərək demişdir ki, İNT azərbaycanlı qaçqınlara diqqət və qayğını davam etdirəcək və öz müsəlman qardaş və bacılarına yardımı daha da gücləndirəcəkdir.
Görüşdə respublikanın dövlət müşaviri Vəfa Quluzadə, Baş nazirin müavini Əsgər Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri