“XƏZƏR DƏNİZİNİN EKOLOJİ PROBLEMLƏRİ” MÖVZUSUNDA SEMİNAR
Mayın 7-də “Krisçen-Biç” mehmanxanasında “Xəzər dənizinin ekoloji problemləri” mövzusunda seminar öz işinə başlamışdır. Seminar NATO-nun Müasir cəmiyyətin problemləri komitəsi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilmişdir. İki gün davam edəcək bu tədbirin təşkilatçıları regionda ekoloji vəziyyəti sağlamlaşdırmaq və Xəzəryanı və digər dövlətlərin sabit inkişafı üçün şərait yaratmaq işində onların səylərinin birləşdirilməsi məsələlərini müzakirə etmək niyyətindədirlər. Seminarın işində Azərbaycan, ABŞ, Fransa, Böyük Britaniya, Norveç, Belçika, Türkiyə, İtaliya, Ukrayna, Rusiya, Gürcüstan, Qazaxıstan və Türkmənistandan olan mütəxəssislər iştirak edirlər.
Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov seminarı açaraq bildirdi ki, Xəzər regionu coğrafi-strateji mövqeyinə, habelə siyasi, iqtisadi, ekoloji, humanitar və digər amillərə görə Azərbaycan və bir sıra digər ölkələr üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan hökuməti Xəzərin problemlərinə həmişə xüsusi diqqət yetirmişdir və indi də yetirir. Baş nazirin müavini bunu da əlavə etdi ki, son on illər ərzində Xəzər dənizinin ekoloji vəziyyəti olduqca pisləşmişdir. Kür və Araz çayları sularının Ermənistan və Gürcüstanın infrastrukturları tərəfindən çirkləndirilməsi də bu prosesə xeyli mənfi təsir göstərir. Bu problemlər sərhədyanı xarakter daşıyır və onların həlli üçün birgə və əlaqələndirilmiş səylər zəruridir.
Sonra ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edərək dedi ki, Xəzərin sərvətlərindən bir çox dövlətlər istifadə edirlər və onlar dənizin ekoloji vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə birgə fəaliyyət göstərmək üçün yollar axtarıb tapmalıdırlar.
NATO baş katibinin elm və ətraf mühit məsələləri üzrə müavini, alyansın Elm komitəsinin sədri cənab Jan Fürne bildirdi ki, NATO bu aktual problemin həllində maraqlı olan bütün ölkələrlə əməkdaşlıq yaratmaq niyyətindədir. NATO ictimai və hökumətlərarası təşkilatların bu problemin həllinə, həmin sahədə kadrların hazırlanmasına, elmi tədqiqatlar aparılmasına yönəldilmiş fəaliyyətin maliyyələşdirilməsini qismən öz üzərinə götürə bilər.