Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilərək abidə önünə gül dəstələri qoyulub.
Tədbirdə qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xəzər rayonuna olan səfərlərini əks etdirən fotoşəkillərə baxıblar.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Elşən Salahov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir
Çıxışdan sonra Ulu Öndərə həsr edilmiş “Əsrin adamı” sənədli filminin nümayişi olub.
Daha sonra tədbir iştirakçıları Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, üzərinə gül dəstələri qoyub əziz xatirələrini ehtiramla anıblar.
Sonda Mərdəkan qəsəbəsində yerləşən Heydər Əliyev adına istirahət parkında bədii musiqili konsert proqramı keçirilib.