MƏDƏNİYYƏT
“Xəzərə bağlı ömür” sənədli film-portreti tanınmış ekoloq Lətifə Hüseynovaya həsr edilib
Bakı, 5 avqust, AZƏRTAC
O, mavi Xəzərin lacivərd sularını, sahilə çırpılıb qayıdan qırçınlı ləpələri, doğma Bakıya gecə-gündüz layla çalan dənizin pıçıltılarını çox sevirdi. Elə Bakının ədəbi keşikçisi olan Xəzəri, onun sərvətlərini, fauna və florasını da bir ana qayğısı ilə qoruyur, bir övlad kimi ona can yandırar, üstündə əsərdi...
AZƏRTAC xəbər verir ki, “Xəzərə bağlı ömür” sənədli film-portreti bütün varlığı ilə öz sevimli peşəsinə bağlı olan tanınmış ekoloq Lətifə Hüseynovaya həsr edilib.
Müxtəlif beynəlxalq festivallarda dəfələrlə uğur qazanmış istedadlı rejissor Yeganə Əbdülməmmədovanın yeni yaradıcılıq məhsulu olan film-portretdə ömrünü Azərbaycan təbiətinə, xüsusən də Xəzər dənizinin ətraf mühitinin mühafizəsinə həsr etmiş, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, ekologiya üzrə beynəlxalq ekspert və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində 40 ilə yaxın çalışmış Lətifə Hüseynovanın keçdiyi həyat yolundan, peşəkarlıq keyfiyyətlərindən söhbət açılır. Filmdə onun Xəzər dənizinin ekologiyasının qorunması sahəsində gördüyü işlər, qurduğu kompleks ekoloji monitorinq sistemi, ekoloji maarifləndirmə sahəsində fədakar fəaliyyəti öz əksini tapıb.
Lətifə Hüseynovanın "Əsrin kontraktı" sənədli filmində müxtəlif telesüjet və xronikalarda dəfələrlə ekspert kimi iştirak edib. Onun prinsipial münasibəti və analitik təhlili həmişə diqqəti cəlb edib və xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə “bp” şirkətinə Xəzər dənizində “Çıraq” yatağının istismarında "Saralin" qazma məhlulundan istifadəyə qadağan qoyulub, bir neçə ildən sonra bu qadağa Meksika körfəzinə də tətbiq edilib. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının hazırlanmasında Azərbaycan tərəfindən işçi qrupun üzvü kimi Lətifə xanımın fəal iştirakı və bu həssas su hövzəsində sərt standartların tətbiqi üzrə konstruktiv təklifləri yazılı sənədlərdə öz əksini tapıb.
Film Lətifə Hüseynovanın yazdığı “Anam Xəzərim” kitabı əsasında çəkilib və onunla birlikdə işləyən həmkarları, tanınmış ekoloq və mütəxəssislər onun peşəkarlığı və işgüzar keyfiyyətləri haqqında xatirələrini bölüşüblər.