XILLI “NƏRƏ” BALIQARTIRMA ZAVODUNUN AÇILIŞ MƏRASİMİ
“AZƏRENERJİTİKİNTİQURAŞDIRMA” SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ RƏSUL HƏMİDOVUN ÇIXIŞI
Hörmətli qonaqlar və mərasim iştirakçıları!
İcazə verin, gərgin iş rejimi şəraitində vaxt tapıb, bizim işimizə qiymət vermək üçün bu xoş mərasimdə iştirak etdiyinizə görə, “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyətinin kollektivi adından Sizə dərin təşəkkürümü bildirim.
Bu gün biz, Neftçala rayonunda “Nərə” balıqartırma zavodunun istifadəyə verilməsi kimi əlamətdar bir hadisəni qeyd etmək üçün mərasimə toplaşmışıq.
“Nərə” balıqartırma zavodunun tikintisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyevin “Təxirəsalınmaz ekoloji tədbirlər layihəsi” haqqında imzaladığı Sərəncama əsasən həyata keçirilmişdir.
Zavodun tikintisi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqədə “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti və Almaniyanın “Ferrostaal” şirkəti birgə iştirak etmiş və qalib gəlmişlər.
Zavodun tikintisinə 2002-ci ilin avqust ayında başlanmışdır. 4,1 milyon ABŞ dolları məbləğində ümumi tikinti işləri və avadanlığın quraşdırılması “Azərenerjitikintiquraşdırma” Səhmdar Cəmiyyəti tərəfindən, 1,8 milyon ABŞ dolları məbləğində işlər - texnoloji avadanlığın gətirilməsi və sazlanması Almaniyanın “Ferrostaal” şirkəti tərəfindən həyata keçirilmişdir. Zavod ildə 15 milyon nərə cinsli körpə balıq yetişdirmək üçün nəzərdə tutulmuşdur.
Tikintinin bütün iştirakçıları - sifarişçi təşkilat olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dünya Bankının mütəxəssisləri və əlaqələndiricisi, baş podratçı təşkilat və quraşdırıcılar işlərin cədvələ uyğun müddətdə başa çatdırılması üçün bütün qüvvələrini səfərbər etmişlər.
Zavodun istismara verilməsi Xəzər dənizində və onun akvatoriyasında nərə cinsli balıq ehtiyatının artırılmasına imkan verəcəkdir.
Cənab Baş nazir!
İcazə verin, bu tədbirdə iştirak etdiyiniz üçün inşaatçılar və quraşdırıcılar adından Sizə bir daha öz təşəkkürümüzü bildirək və Sizi əmin edək ki, qarşıdan gələn prezident seçkilərində, hamı kimi, inşaatçılar da böyük fəallıqla iştirak edəcəklər.
Diqqətinizə görə çox sağ olun!