Xocalı faciəsi qan yaddaşımızdır və bu faciədən dünya ibrət dərsi almalıdır
Biləsuvar-Salyan, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Xocalı faciəsinin 24-cü ildönümü ildönümü ilə bağlı Biləsuvar rayonunda anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumrayon tədbirində əvvəlcə rayon mədəniyyət evinin foyesində uşaqların əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı zaman-zaman yeritdiyi işğalçılıq siyasəti, törətdiyi qanlı terror aktları barədə məlumat verib. Bildirilib ki, Ermənistanın dövlət siyasətinə çevrilən terror yüz illərlə xalqımıza qarşı yönəlib və Xocalı qətliamı da onun acı nəticələrindən biridir. Xocalı faciəsi qan yaddaşımızdır və bu faciədən dünya ibrət dərsi almalıdır.
Sonra Xocalı qətliamına həsr olunan “Nişangah” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
X X X
Salyan rayonunda Xocalı faciəsinin 24-cü ildönümü bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Milli Qəhrəman Nazim Babayevin büstü ziyarət olunub, Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Faciə qurbanlarını yad edən salyanlılar dünyanı Xocalıdan ibrət dərsi almağa və bu soyqırımı aktını törədən erməni vandallarına qarşı amansız olmağa çağırıblar.
Sonra Heydər Əliyev Mərkəzində uşaqların Xocalı faciəsinə həsr etdiyi əl işləri nümayiş olunub.