Xocalı faciəsi qurbanlarının xatirəsi Çerniqovda yad edilib
Kiyev, 17 fevral, AZƏRTAC
Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun dəstəyi ilə Çerniqovda XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsinə həsr edilmiş görüş-rekviyem keçirilib.
Tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Ukrayna xalqına məlumat vermək idi.
Çerniqov vilayət sovetinin sədri Nikolay Zverev, Çerniqov şəhər sovetinin katibi Vladislav Kuxar, Çerniqov şəhər soveti deputatlarının fəaliyyətinə kömək şöbəsinin rəis müavini Nadejda Ostapova, Çerniqov vilayət dövlət administrasiyasının mədəniyyət idarəsinin rəisi Sergey Moiseyenko, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna ictimai təşkilatının sədr müavini İsgəndər Zamanov, A.S.Makarenko adına Sumı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri namizədi, dosent Anatoli Qonçarenko, Çerniqov Milli Texnologiya Universitetinin, hərbi hazırlıq təmayüllü liseyin, penitensiar xidmət kollecinin tələbələri və kursantları Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini yad etməyə gəliblər.
Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov tədbirdə çıxış edərək deyib: “Xocalı - bütün Azərbaycan xalqının ağrılı yeri, ümummilli dərdidir. Xocalı faciəsi haqqında həqiqət bütün dünyaya çatdırılmalıdır. Bu, Prezident İlham Əliyevin prinsipial mövqeyidir”.
Diplomat vurğulayıb ki, erməni işğalçılar Azərbaycan xalqına qarşı soyqırımı törədiblər, onlar uşaqlara, qadınlara və qocalara belə rəhm etmədən yalnız etnik mənsubiyyət əlamətinə görə insanları öldürürdülər.
Ə.Salmanov deyib: “Xocalı ağrısı, Xocalı sakinlərinin göz yaşları, onların tökülən qanı heç vaxt unudulmayacaq. Onların xatirəsi əbədidir. Bu xatirə bugünkü və gələcək nəsillərin qəlbində yaşayacaq. Biz inanırıq: ədalət zəfər çalacaq, müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək!”.
Sonra Ə.Salmanovun təklifi ilə tədbir iştirakçıları Azərbaycanın və Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çerniqov vilayət sovetinin sədri Nikolay Zverev deyib: “Biz Azərbaycan və Ukrayna xalqlarının həyatında tarixin bu dəhşətli səhifələrini heç vaxt unutmamalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın”.
Dosent Anatoli Qonçarenko Xocalı faciəsi ilə əlaqədar tarixi faktlar üzərində ətraflı dayanaraq qeyd edib ki, erməni silahlı dəstələrinin hərəkətləri BMT Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi “Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamə”yə tamamilə ziddir.
“Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ regionunun işğalı zamanı Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin yeni mərhələsi olub. Bu dəhşətli cinayətin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxutmaq, onun mübarizə əzmini qırmaq, ölkədə siyasi vəziyyəti kəskinləşdirməklə Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq idi”, - deyən A.Qonçarenko əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar, dünyanın mütərəqqi ölkələrinin parlamentləri Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilmiş cinayəti - Xocalı faciəsini soyqırımı aktı kimi tanıyaraq ona siyasi-hüquqi qiymət verməlidirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev