Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş cinayətdir
Bakı, 25 fevral (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri Ədliyyə Akademiyasının prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Elçin Xələfov açaraq Xocalı soyqırımının dəhşətlərindən danışmışdır.
Yığıncaqda vurğulanmışdır ki, 1992-ci il fevralın 26-da Ermənistanın silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarətlər yetirilmiş, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışdır.
Akademiyanın əməkdaşları çıxış edərək XX əsrin sonlarında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını həyata keçirtmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə dünya ictimaiyyətinin bəzi dairələrinin bu günədək biganə yanaşmalarını böyük təəssüf hissi ilə qeyd etmişlər.
Xüsusi vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, bu kütləvi və amansız qırğın aktını, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixinə qara ləkə kimi qiymətləndirmişlər.
Yığıncaqda bildirilmişdir ki, xalqımızın məruz qaldığı faciələr ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət nəticəsində dünya ictimaiyyəti tərəfindən tanınacaq və pislənəcək, işğal olunmuş torpaqlarımızın beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacaqdır.