Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Bakı, 26 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Xidmətin binasının foyesində Xocalı soyqırımı ilə bağlı foto, kitab və çap materillarından ibarət sərgiyə baxıblar.
Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra DMX rəisinin birinci müavini Vəli Nağıyevin bu qanlı faciə haqqında məruzəsi dinlənilib.
Bildirilib ki, XX əsrin faciəsi olan - Xocalı soyqırımı terroru rəsmi dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə qətlə yetiriblər.
V.Nağıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılmasına nail olub. Beynəlxalq birliyin bu vandalizmə siyasi və hüquqi qiymət verməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət konkret faktlarla diqqətə çatdırılıb.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan və uğurla reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərə, bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı qəbul olunan qətnamələrə diqqət çəkilib.
Daha sonra Xocalı soyqırımına dair sənədli film nümayiş etdirilib.