Xocalı faciəsindən bəhs edən film hollandları çox təsirləndirdi
Rotterdam, 25 fevral (AZƏRTAC). Xocalı faciəsindən bəhs edən film biz hollandları çox təsirləndirdi.
Bu fikri XX əsrin qanlı səhifələrindən biri olan Xocalı soyqırımından bəhs edən “Xoca” filminin təqdimatı zamanı hollandiyalı tamaşaçı Henk Həyzinxa AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Benilüks Azərbaycanlıları Konqresinin və Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin təşkilatçılığı ilə fevralın 24-də Hollandiyanın Avropada ən böyük liman şəhəri Rotterdamda Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Vahid Mustafayevin “Xoca” filmi təqdim olunmuşdur. Ermənilərin günahsız Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliyi əks etdirən film tamaşaçıları daim gərginlik içərisində saxlamış, onlarda insanlığa qarşı törədilmiş qəddarlığa nifrət hissi oyatmışdır. Əbədiyyətə qovuşan günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təqdimat zamanı çıxış edən V.Mustafayev filmin əsasən hamımızın yaşadığı faciədən bəhs etdiyini diqqətə çəkmiş, hər bir faciənin qurbanları ilə bir yerdə qəhrəmanlarının da olduğunu bildirmişdir. Hər bir faciənin əvvəli olduğu kimi, sonu da olur. Heç bir müharibə hansısa bir problemi həll etmir. Müharibələrin harada, hansı millətlər arasında baş verməsindən asılı olmayaraq, bu müharibələrdə ziyan çəkən və həlak olan əsasən mənəviyyatımızdır. Biz azərbaycanlılar heç bir xalqa düşmənçilik etməmişik. Filmdə göstərilən erməni xalqına qarşı da biz heç vaxt nifrət hissi bəsləməmişik. Amma istəyirəm ki, bu hadisənin günahkarı olan insanlar, əlləri yüzlərlə azərbaycanlının qanına bulaşmış əsl müqəssirlər öz cəzalarını alsınlar.
Hollandiya parlamentinin deputatı, Amsterdam şəhər merinin müavini Songül Atqaya çıxışında ermənilərin guya türklərin 1915-ci ildə ermənilərə qarşı “soyqırımı” təşkil etmələri barədə mənasız yerə hay-küy qaldırır, dünya ictimaiyyətini aldatmağa canfəşanlıqla səy göstərdikləri halda, amma cəmi 21 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etmələrini, günahsız qadınları, uşaqları və yaşlı kişiləri amansızlıqla qətlə yetirmələrini hamıdan gizlətməyə çalışırlar. Nahaq qan yerdə qalmaz. İstər türklər, istərsə də azərbaycanlılar birgə fəaliyyət göstərərək öz yalanları ilə beynəlxalq ictimaiyyətin gözünə kül üfürən erməniləri ifşa etməli, onların ərazi iddiaları, işğalçılıq siyasətinin əsl mahiyyəti barədə avropalılara dolğun məlumat çatdırmalıdırlar.
Təqdimatdan sonra hollandiyalı tamaşaçı Henk Həyzinxa filmdən aldığı təəssürat barədə AZƏRTAC-a verdiyi müsahibəsində demişdir: Xocalı faciəsindən bəhs edən film biz hollandları çox təsirləndirdi. Həqiqətən tarixin qan yaddaşı olan Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı törədilən XX əsrin ən dəhşətli faciələrindən biridir. Yaşadığımız sivil dünyada insanlığa qarşı belə soyqırımın törədilməsi ağlasığmazdır. Etiraf edim ki, əgər bu filmə tamaşa etməsəydim, belə bir faciənin baş verməsini nəinki təsəvvür etməzdim, heç ağlıma da gətirməzdim.
Mən zalı böyük kədər hissi ilə tərk edirəm. İnanıram ki, vaxt gələcək haqq, ədalət öz yerini tapacaqdır.
Tədbirdə Rotterdam ictimaiyyətinin nümayəndələri, Hollandiyada akkreditə olunan diplomatik korpusun və ölkəmizin səfirliyinin əməkdaşları, yəhudi təşkilatının nümayəndələri, Azərbaycan, türk və İraq türkmənləri diasporlarının təmsilçiləri iştirak etmişlər.
Sonda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam