Xocalı faciəsinə həsr olunmuş respublika müsabiqəsinin yekun sərgisi açılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xocalı faciəsinə həsr olunmuş respublika sərgi-müsabiqəsinin yekun sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə keçirdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev zaman-zaman ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, soyqırımı faktlarından söhbət açmışdır.
Ə. Vəliyev Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusilə vurğulamışdır. Bildirmişdir ki, artıq 21 ildir biz Xocalı faciəsinin dəhşətlərini təfəkkürümüzdə, həyatımızda yaşayırıq, soyqırımı faktları bədii əsərlərdə və təsviri incəsənət nümunələrində öz əksini tapır.
Qeyd edilmişdir ki, hər il ənənəvi olaraq Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə sərgi-müsabiqə elan edir. Sərgi-müsabiqə Ermənistanın işğalçı ordusu tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, zaman-zaman xalqımızın başına gətirilən faciələrin bədii təcəssümü, eyni zamanda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda xalqımızın mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.
Açılış mərasimində bildirilmişdir ki, bugünkü sərgidə 93 rəssamın 193 əsəri nümayiş olunur və sonda təqdim edilən əsərlərdən ən yaxşıları seçiləcəkdir.
Sonda sərgiyə baxış olmuşdur.