Xocalı polisi COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir
Bakı, 13 may, AZƏRTAC
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları yeni növ koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşları məcburi köçkünlərin məskunlaşdıqları Goranboy rayonunun Ağcakənd qəsəbəsində koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi qabaqlayıcı tədbirlər görürlər. Həmçinin sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə həmin ərazilərə ciddi nəzarət edilir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verilir.
Sakinlərə tibbi maska paylayan Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etməyi tövsiyə ediblər.