Xocalı qırğını zamanı erməni təcavüzünün qurbanlarının xatirəsi Dnepropetrovskda yad edilib
Kiyev, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulluğunun təşəbbüsü və dəstəyi ilə Dnepropetrovskda Xocalı faciəsinə həsr edilən növbəti tədbir keçirilib. Bu aksiyaların əsas məqsədi Azərbaycanda 20 ildən çox tarixi olan hadisələr barədə həqiqətləri ukraynalılara çatdırmaqdır. Fəxri konsulluğun əməkdaşlarının fikrincə, müxtəlif obyektiv və subyektiv səbəblərə görə, təəssüf ki, dost Ukrayna xalqı nəinki hadisələr barədə tam məlumatlı deyil, həm də Xocalı faciəsinin əslində necə baş verdiyini və bu işdə kimin təqsirkar olduğunu bilmir.
Qeyd etmək lazımdır ki, Dnepr çayı sahilindəki şəhərin sakinlərinin çoxu bu anma tədbirində iştirak etmək istəyiblər. Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, Azərbaycan xalqını hüzn günlərində dəstəkləmək üçün Dnepropetrovsk Vilayət Administrasiyası rəhbərinin müşaviri Boris Treyqerman, administrasiyanın mədəniyyət, turizm, millətlər və dinlər departamentinin direktoru Natalya Perşina, vilayət şurası sədrinin müavini Dmitri Bezuqlı, meriyanın daxili siyasət idarəsinin rəis müavini Roman Kukota, Oles Qonçar adına Dnepropetrovsk Milli Universitetinin prorektorları Mixail Dyaçenko və Gennadi Onişşenko, Bədən Tərbiyəsi və İdman İnstitutunun prorektoru Sergey Afanasyev və dekanlar Nina Dolbışeva və Aleksandr Salovey, Aqrar İqtisadiyyat Universitetinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İrina Volovik və bu ali məktəblərin tələbələri, habelə İsrailin konsulu, diplomatik korpusun digər nümayəndələri, Azərbaycan diasporunun fəalları və şəhər ictimaiyyəti tədbirdə iştirak ediblər.
Mərasimdə Dağlıq Qarabağ bölgəsində Azərbaycanın qədim şəhəri olan Xocalıda 1992-ci il fevralın 26-da baş verən və o vaxtdan bu yerin adını dünyaya tanıdan qanlı hadisələrdən bəhs edən film nümayiş olunub. Sonra ölkəmizin Xarkovda fəxri konsulu Əfqan Salmanov çıxış edib. Qeyd edib ki, bu faciə Azərbaycan xalqının tarixinə erməni silahlılarının dinc əhaliyə qarşı törətdikləri dəhşətli cinayət kimi daxil olub.
Diplomat, belə faciələrin bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin əlindən gələni edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, bunun üçün Xocalı faciəsinin dəhşətli faktlarını bütün dünya bilməlidir. Fəxri konsul vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə buna nail olub və onun sistemli və ardıcıl siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə çıxış edən Boris Treyqerman və başqaları Azərbaycan xalqını dəstəkləyərək, onu Ukrayna xalqının itkiləri və qanlı faciəsi, habelə separatizm və terrordan əziyyət çəkməsi ilə müqayisə ediblər.