Xocalı soyqırımı bəşəriyyət əleyhinə yönəldilmiş ən ağır cinayətlərdən biridir
Qazax, 27 fevral (AZƏRTAC). Qazaxda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyət əleyhinə yönəldilmiş ən ağır cinayətlərdən biri olduğu bildirilmişdir.
Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımı zamanı Xocalı şəhərinin 613 nəfər sakini ən qəddar üsullarla qətlə yetirilmişdir. Həlak olanların 70 nəfəri qoca, 63 nəfəri uşaq, 106 nəfəri qadın olmuşdur. Bundan başqa, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Diqqətə çatdırılmışdır ki, bu qəddar cinayətin ilk hüquqi-siyasi qiymətini ümummilli lider Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən iclasında Xocalı soyqırımı geniş müzakirə edilmiş, bu hadisəyə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərarla fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və dünya miqyasında Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlərin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra dövlətləri tərəfindən bu qanlı qırğın soyqırımı kimi tanınmışdır.