QAN YADDAŞI
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin əsl mahiyyətini üzə çıxardı
Cəbrayıl, 23 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Bu dəhşətli faciə xalqımızın Qarabağ müharibəsində aldığı ən böyük yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə keçirilən "Xocalı qan yaddaşımızdır" adlı tədbirdə səsləndirilib. Cocuq Mərcanlı və Çərəkən kənd tam orta məktəblərinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Horadiz şəhərində Xocalı soyqırımı abidəsinin önünə tər çiçək dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Cocuq Mərcanlı kənd klub-icma mərkəzində davam edən tədbirdə kənd sakinləri, müəllim və şagirdlər, N saylı hərbi hissənin əsgərləri iştirak ediblər. Cəbrayıl rayon təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev və başqaları çıxış edərək, Azərbaycan xalqının tarixboyu erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, Ermənistan silahlı birləşmələrinin Qarabağda həyata keçirdikləri vəhşiliklərdən danışıblar. Bildirilib ki, münaqişə nəticəsində azərbaycanlıların yaşadığı yaşayış məntəqələri ermənilər tərəfindən viran edilib, yandırılıb, dağıdılıb, minlərlə insan qətlə yetirilib, 100 minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən qəddarlıqlar isə xalqımızın ən faciəli, unudulmaz günlərindəndir. Həmin gecə Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş etdirilib. Sonda iştirakçılar Xocalı soyqırımından bəhs edən sənədli filmə baxıblar.