Xocalı soyqırımı ilə əlaqədar Qətərdə bir sıra tədbirlər keçirilmişdir
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 20-də Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Eldar Səlimov Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mətbuat konfransı keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mətbuat konfransı barədə bu ölkənin ingilisdilli “Qatar Tribune” və ərəbdilli “Əl-Rayan” qəzetlərində geniş materiallar dərc olunmuşdur. Həmin materiallarda Xocalı soyqırımının ağır nəticələri barədə ətraflı məlumat verilmişdir. Həmçinin “Əl-Rayan” qəzetində “Azərbaycan ilə Qətərin ikitərəfli münasibətləri” sərlövhəli məqalədə də Xocalı soyqırımı haqqında yazılmışdır.
Fevralın 21-də səfirlik Dohada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri, ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusun rəhbər və əməkdaşları, ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.
Səfir Eldar Səlimov çıxış edərək Xocalı soyqırımının ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və digər ərazilərində apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu, bunun nəticəsində yüzlərlə insanın qətlə yetirildiyini diqqətə çatdırmışdır.
Sonra “Xocalıya ədalət” kampaniyası tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilmişdir.
Tədbirin iştirakçıları səfirliyin foyesində Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanış olmuşlar. Onlara erməni terrorizmi və vəhşilikləri barədə kitablar və CD-lər paylanmışdır.