QAN YADDAŞI
Xocalı soyqırımı qurbanlarının xatirəsi Beynəlxalq Türk-Qazax Universitetində yad edilib
Bakı, 4 mart, AZƏRTAC
Qazaxıstanın Türküstan vilayətindəki Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə universitetin mədəniyyət mərkəzinin zalında baş tutan tədbirdə 250-dən çox müəllim və tələbə iştirak edib.
Azərbaycan, Türkiyə və Qazaxıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən universitetin rektor müavini Cengiz Tomar, Beynəlxalq münasibətlər fakültəsinin professoru Aliyə Yerğaliyeva, “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva 30 il əvvəl Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc sakinlərə qarşı xüsusi amansızlıqla törətdikləri soyqırımını bəşəri cinayət və beynəlxalq hüquq normalarının kobudcasına pozulması kimi qiymətləndiriblər. Bildirilib ki, dünya birliyi Xocalı soyqırımına ədalətlə yanaşmalı, bu ağır cinayətin baiskarlarının və icraçılarının cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmalıdır.
Sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.