Xocalı soyqırımı qurbanlarının xatirəsi heç vaxt yaddaşlardan silinməyəcəkdir
Gəncə, 23 fevral (AZƏRTAC). Gəncədə ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin və şəhər baş polis idarəsinin birgə təşkil etdikləri tədbirdə ictimaiyyət nümayəndələri ilə bərabər, Xocalıdan olan məcburi köçkünlər də iştirak etmişlər.
Tədbir Gəncənin ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm sərgisinin nümayişi ilə başlamışdır. Burada uşaqların Xocalı soyqırımı ilə bağlı düşüncələrini əks etdirən əsərlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Sonra Xocalı faciəsini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhər baş polis idarəsinin rəisi, polis general-mayoru Rasim Musayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri qətllərdən, günahsız insanlara amansız divan tutmalarından danışmışdır.
Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, xalqımıza məxsus tarixi-mədəni, eləcə də dini abidələrin yer üzündən silinməsi və yaxud erməniləşdirilməsi istiqamətində fəaliyyətlərindən söhbət açmışlar.
Tədbirdə Gəncədə məskunlaşmış Xocalı sakinlərinin bir qrupuna maddi yardım göstərilmiş, məktəblilərin ifasında Xocalı faciəsini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.