Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş irimiqyaslı cinayətdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi Dubayda Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə BƏƏ-də yaşayan həmvətənlərimiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə şirkəti “SOCAR-Trading”in təmsilçiləri, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, əmirlikdə işləyən azərbaycanlı sahibkarlar, burada təhsil alan tələbələrimiz və xarici qonaqlar iştirak etmişlər.
Tədbiri açan səfir Elxan Qəhrəmanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xocalı şəhərini məhv edərək insanlığa silinməz ləkə olan əsl soyqırımı aktını törətdiklərini vurğulamışdır. Qeyd edilmişdir ki, misli görünməmiş bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş irimiqyaslı cinayətdir. Bu faciə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra öz siyasi-hüquqi qiymətini tapmışdır. Hazırda bu soyqırımına dair dünyanın bir sıra ölkələri tərəfindən siyasi və hüquqi qiymətin verildiyini deyən diplomat, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən məqsədyönlü işlərin aparıldığını bildirmişdir.
Sonra Xocalı soyqırımı ilə bağlı film nümayiş etdirilmişdir.