Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Xocalı faciəsi qurbanlarının xatirəsini anma tədbiri keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən ADNA-nın təlim-tərbiyə işləri üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru, dosent Qasım Məmmədov Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı müvafiq istiqamətdə görülən işlərə böyük dəstəkdir. Həmçinin Xocalı soyqırımının tanıdılması istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi səyi nəticəsində müxtəlif ölkələrdə soyqırımın qurbanlarının xatirəsini anma mərasimləri keçirilir.
Çıxışlarda Xocalı qətliamının miqyasına və dəhşətlərinə görə təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğu vurğulanmışdır.
Tədbirdə əslən Xocalıdan olan Şiraslan Əsədli soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının fəal iştirak etməsindən qürur hissi keçirdiyini demişdir.
Sonda Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş etdirilmişdir.