“Xocalısız 20 il” mövzusunda sərgi açılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Xətai Miniatür Sənət Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət məktəbləri şagirdlərinin rəsm əsərlərindən ibarət “Xocalısız 20 il” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşmışdır.
Tədbir iştirakçıları əvvəlcə Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzmüşlər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, sərgi Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının təsviri sənət əsərləri vasitəsilə ifadə edilməsi, əsrlər boyu millətimizin başına gətirilən faciələrin bədii təcəssümü, gənc nəsillərə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi ilə keçirilir. Vurğulanmışdır ki, Mədəniyyət nə Turizm Nazirliyi tərəfindən faciənin iyirminci ildönümünə həsr edilmiş müxtəlif tədbirlər təşkil olunur.
Tədbirdə Milli Məclisin deputatları Gülər Əhmədova, Hüseynbala Mirələmov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək cinayətkar erməni hərbi birləşmələrinin törətdikləri vəhşilikləri insanlıq əleyhinə cinayət adlandırmış, bu faciənin heç zaman xalqımızın hafizəsindən silinməyəcəyini söyləmişlər.
Sərgidə paytaxtın Xətai, Yasamal, Suraxanı, Xəzər, Qaradağ və Binəqədi rayonlarındakı 11 illik uşaq incəsənət məktəbləri şagirdlərinin rəsm əsərləri nümayiş olunur.
Ermənilərin dinc əhaliyə qarşı həyata keçirdikləri bəşəri cinayət 20 gənc rəssamın Xocalı faciəsi mövzusunda çəkdiyi 100 rəsm əsərində düşmənin vəhşilik obrazını özündə əks etdirir. Uşaq incəsənət məktəblərinin şagirdləri öz daxili aləmlərini, düşmənə nifrət və intiqam hisslərini çəkdikləri rəsmlərdə rənglər vasitəsilə ifadə etmişlər.
Sərgi fevralın 26-dək davam edəcəkdir.