Xocalıya həsr olunan tamaşa - “Əsirlikdə bir gün”
Bakı, 24 fevral, AZƏRTAC
UNEC-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin deputatı Flora Qasımova, UNEC-in rektoru, professor Ədalət Muradov, professor-müəllim heyəti, tələbə və valideynlər iştirak ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacı, faciəni əks etdirən rəsm əsərləri və fotolardan ibarət sərgi ilə tanış olublar.
Soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra iştirakçılar UNEC Yaradıcılıq Mərkəzinin real hadisələr əsasında hazırladığı “Əsirlikdə bir gün” tamaşasını izləyiblər.
Sonra tamaşada iştirak edən tələbələrə, eyni zamanda, UNEC Yaradıcılıq Mərkəzinin üzvləri arasında Xocalı soyqırımına həsr edilən şeir, hekayə və rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Şeir müsabiqəsinin qalibi, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeirini səsləndirib.
Tədbir UNEC-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.
UNEC-də fevralın 24-dən 26-dək “Xocalı həftəsi” elan edilib. “Xocalı həftəsi” çərçivəsində universitetin bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində silsilə tədbirlər təşkil edilib. Universitetdə və kollecdə tələbələrin Xocalı faciəsini əks etdirən foto və rəsm sərgiləri keçirilib. Universitetdəki bütün monitorlarda Azərbaycan və ingilis dillərində Xocalı soyqırımı ilə bağlı filmlər nümayiş etdirilib. Fevralın 24-də UNEC-də, universitetin Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində birinci dərslər Xocalı soyqırımına həsr olunub.